Mayın 29-da Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğu tərəfindən Azərbaycanın dövləti bayramı – Respublika Günü münasibətilə “Dostluq dialoqu: Ukrayna-Azərbaycan” adlı tədbir təşkil edilib.
Xarkov Dövlət Filarmoniyasının binasında baş tutan bayram tədbiri – konsert “Dostluq dialoqu: Ukrayna – Azərbaycan” adı altında onlayn rejimdə birbaşa yayımlanıb.
Konsertdən öncə tədbirin iştirakçıları, qonaqlar iki milli simvol – Ukrayna və Azərbaycanın dövlət bayraqları fonunda ünsiyyət qurmuş, şəkil çəkdiriblər.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri konsulu Əfqan Salmanov, Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin katibi Samir Allahverdiyev, Xarkov şəhər merinin müavini Svetlana Qorbunova-Ruban, Xarkov Vilayət Dövlət Administrasiyasının sədr müavini Roman Semenuxa, VII və VIII çağırış Ukrayna Ali Radasının deputatı, Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr qrupunun katibi, Sumı Vilayət Radasının deputatı Oleq Medunitsa bayram tədbirinin iştirakçılarını və qonaqlarını səmimi salamlayıb.
Konsertdə Ukrayna-Azərbaycan dostluğunun, mədəni vəhdətinin təzahürü kimi unikal konsert baş tutub. Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının müəllimi professor Yalçın Adıgözəlovun dirijorluğu ilə "Kiyev kameratası" Milli Solistlər ansamblı çıxış etmişdir.. Azərbaycan bəstəkarlarının məşhur əsərlərinin, Azərbaycan milli xalq çalğı alətlərində Ukrayna və Azərbaycan musiqiçilərinin ifalarının səsləndirildiyi möhtəşəm konsert əsl dostluq və mədəniyyət bayramına çevirilİB.