Modern.az

İrəvan və Moskva Bakını anti-terror əməliyyatına təhrik edir

İrəvan və Moskva Bakını anti-terror əməliyyatına təhrik edir

Aktual

17 Mart 2023, 08:52

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Rusiya “sülhməramlılarının” Turşsu istiqamətində yerləşən müşahidə məntəqəsinin  üzərində keçmiş SSRİ dövlətinin bayrağını qaldırması, heç də əsassız deyil. Bu, daha çox açıq dənizdə hərbi gəmilərin hansı yolun yolçusu olduğunu bildirmək üçün bir-birinə bayraqla verdiyi “siqnala” bənzəyir.

Sözsüz ki, Rusiya prezidenti sovet sevdalısıdır və eyni zamanda, el dili ilə desək “Qarabağ oyununda” özünü əsas arbtir hesab edir. Turşsuda sovet bayrağının qaldırılmasını “sülhməramlıların” müvəqqəti nəzarət zonasında separatçıların son təxribatları ilə bağlı Moskvanın “oyun” pozanlara qarşı həm də “qırmızı kart” göstərməsi kimi qiymətləndirə bilərik.    

Əlbəttə, erməni “nazirbaşı” Paşinyanın Qarabağ haylarının taleyini Rusiyanın ixtiyarına verib öz “gəmisini” qərb limanına yan aldırdığı göz önündədir. Bu mənada Moskva indi görünür özünü “yerin sahibi” hesab edir ki, öz aləmində separatçı rejimi Bakıya “tərəf” tutur və göstərdiyi “qırmızı kartı” hər iki tərəfə xəbərdarlıq kimi nümayiş etdirir.

Ancaq rəsmi Moskva anlamalıdır ki, bu “at gedişi” ilə o ötən il fevralın 22-də Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni kobudcasına pozmuş olur. Məgər, bu bəyannamənin elə ilk bəndində  - “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”, - deyə yazılmayıbmı? Baxın, indi sovet bayrağının Azərbaycanın suveren ərazisində qaldırılması, Rusiyanın Azərbaycana qarşı hörmətsizliyi, daxili işinə qarışması, dövlət suverenliyini aşağılaması və hüquq bərabərliyini pozması deyilmi?!

Bu onu təsdiq edir ki, məhz elə Rusiya özü Qarabağ probleminin yerdə qalmış hissəsinin tam və birdəfəlik həll olunmasında heç bir halda maraqlı deyil. Əgər belə deyilsə, üçtərəfli bəyanatın ən vacib olan 4-cü – “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” bəndi nədən indiyədək yerinə yetirilmir?! Ancaq Moskva unutmamalıdır ki, elə qeyd etdiyimiz bu bənddə həm də “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”, - yazılıb. Şübhəsiz ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş “sülhməramlıların” indiyədək sülh adına göstərdikləri “xidmət” kifayət qədər əsas verir ki, 10 may 2025-ci ildə rəsmi Bakı separatçılara cangüdənlik edən Volkov başda olmaqla, onun məramı sülh olmayan dəstəsinin ölkədən çıxarılması barədə qərar versin.



Ancaq o zamanadək Bakı Laçın yolunun Ermənistanla sərhəd olan yerində dövlət sərhəd keçid məntəqəsinin və gömrük postunun qurulması üçün dayanmadan israrla iş aparmalıdır. Dünyada heç bir ölkənin sərhədi açıq olmadığı, eləcə də İrəvan Zəngəzur dəhlizini açmaqdan imtina etdiyi halda Azərbaycan nədən öz dövlət sərhədini düşmən ölkənin üzünə açıq saxlamalıdır? Lavrov Bakı səfərində sözügedən məsələyə üçtərəfli bəyanatdan çıxış edərək etiraz etsə də, bu, onun əsassız yanaşması idi. Məgər indiyədək üçtərəfli bəyanatın bütün bəndləri icra edilibmi? Bu mənada, əslində üçtərəfli bəyanat Rusiya və Ermənistan tərəfindən hazırda pozulmuş sənəd hesab olunmalıdır.

Son vaxtlar separatçı rejimin “sülhməramlıların” qoltuğu altından şərti təmas xəttində, eləcə də Ermənistanın şərti sərhəddə Azərbaycana qarşı mütəmadi təxribatlar törətməkdə əsas məqsədinə gəlincə isə bu, Bakını anti-terror əməliyyatına və ya  açıq müharibəyə təhrik etməkdir. Görünür İrəvan erməni əsilli rusiyalı politoloq Semyon Baqdasarovun “tövsiyəsinə” uyğun olaraq, Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkisində Ankaranın başının özünə qarışacağına inanıb və bu halda guya, Azərbaycanın meydanda tək qalacağına, İran, həmçinin Rusiyadan hərbi dəstək alacağına, bundan əlavə Ermənistana yerləşdirilmiş Avropa İttifaqı müşahidəçi missiyasından yararlanaraq, nəyə isə nail olacağına ümid edir. Ancaq bu ümid və güman heç şübhəsiz ki, həm separatçı rejimin, həm də İrəvanın gözündə qalacaq. Çünki Azərbaycan-Türk ordusu Şuşa bəyannaməsi əsasında nə baş verməsindən asılı olmayaraq öz postunda həmişə oyaqdır!

Odur ki, Bakı Moskvaya Turşsuda qaldırdığı sovet bayrağına görə öz sərt mövqeyini ortaya qoymalı və Azərbaycanın Qarabağ meydanında ən böyük qayda pozanın məhz elə Rusiyanın özü olduğunu bildirməlidir. Moskvaya çatdırılmalıdır ki, indi Azərbaycan üçün ötən əsrin 20-ci ili deyil. Qoy, “sülhməramlılar” Turşsuda qaldırdıqları sovet bayrağını aparıb sərsinlər Putinin adaşı və sevimlisi olan Leninin cəsədinin üstünə...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı