"2009-cu ilin 9 ayı ərzində Sumqayıt şəhəri ərazisində ayrı-ayrı vətəndaşlar tərəfindən qeyri-qanuni aparılan tikinti-quraşdırma işlərinin vaxtında aşkar olunması, qarşısının alınması, tikinti norma və qaydalarının kobud şəkildə pozulması ilə əlaqədar ümumilikdə 200-dən çox akt tərtib edilib". Modern.az xəbər verir ki, bu sözləri Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev bildirb.
İcra başçısı deyib ki, qanunsuz tikililərlə bağlı aktlar hüquq-mühafizə orqanlarına və şəhər İcra Hakimiyyəti başçısı yanında inzibati komissiyaya təqdim edilib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının iştirakı ilə aparılan tədbirlər nəticəsində şəhərin müxtəlif ərazilərində 80-dək qanunsuz tikinti işlərinin dayandırılması, ümumilikdə 210-dək qeyri-qanuni tikilinin söküntüsü təmin edilib.
V.Əliyev Sumqayıtda nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində əsas tədbirlərdən birinin şəhərdə yeni avtobus dayanacaqlarının quraşdırılması olduğunu deyib: "Artıq şəhər üzrə dayanacaqların dislokasiyası müəyyən edilmiş və şəhərin mərkəzi hissələrində yeni, müasir konstruksiyaya malik avtobus dayanacaqlarının quraşdırılması işinə başlanılmışdır. Cari ilin sonuna kimi ümumilikdə 65 belə dayanacağın qoyulması nəzərdə tutulub ki, bu həm nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsinə, həm də ictimai nəqliyyatdan istifadə edən sakinlərin rahatlığına xidmət edəcəkdir".