Tanınmış telejurnalist, aparıcı və publisist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin 55 yaşı tamam olur.
Q.Məhərrəmli 1978-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan televiziyasının «Xəbərlər» redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Elmi-kütləvi, tədris, təbliğat verilişləri redaksiyalarında redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində çalışıb.
1991-ci ildən xəbər aparıcısı kimi ekrana çıxıb, bir sıra ictimai-siyasi verilişlərin, publisistik proqramların aparıcısı və şərhçisi, beynəlxalq mövzuda dolğun icmalların müəllifi kimi tamaşaçıların rəğbətini qazanıb. Ekranda siyasi publisistikanın cilalanmasında və yeni veriliş formatlarının inkişafında mühüm rol oynayıb.
1993-95-ci illərdə apardığı «7 gün» analitik informasiya proqramı Qulu Məhərrəmlini tamaşaçılara daha yaxından tanıdıb.
1995-ci ildə Azərbaycan televiziyasının ilk siyasi icmalçısı təyin olunan Q.Məhərrəmli həmin ildə gündəlik «Səhər» müsiqi-informasiya proqramını yaradaraq, uzun illər ona rəhbərlik edib, bu proqramın ciddi mədəniyyət faktına çevrilməsinə nail olub.
Azərbaycan teleməkanında bir yaradıcılıq forması kimi müəllif proqramlarının inkişafında da önəmli rol oynayan Q.Məhərrəmli «Təfsilat» (1995-1996) və «Gerçəklik» (1997-2000) verilişləri ilə telepublisistikamıza ciddi töhfələr verib. Onun dövlət əhəmiyyətli tədbirlərdən hazırladığı verilişlər, canlı yayımda apardığı sanballı reportajlar bu gün də tamaşaçıların yaddaşındadır.
O, hazırda çalışdığı «Xəzər» televiziyasında da bu missiyasını uğurla davam etdirir.
Modern.az saytının kollektivi müasir Azərbaycan jurnalistikasının inkişafı, onun tədrisi və problemlərinin araşdırılması üçün layiqli xidmətlər göstərmiş, fərdi yaradıcılığı və mənəvi keyfiyyətləri ilə nümunə olan həmkarımızı əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, cansağlığı, elmi və yaradıcılıq fəaliyyətində daha böyük uğurlar arzulayır.