Qarabağın Tutusu: “Qolunu kəsdiyimiz əsgər ayılanda dedi ki, “anamın boynunu necə qucaqlayacam?””

Əsl adı Rüxsarə olsa da, döyüşçü dostları onu Tutu kimi tanıyırlar. Bu adı ona Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev verib. “Qaraca qız” filminin məşhur qəhrəmanına bənzədiyi üçün əsgər yoldaşları onu bu adla çağırıblar. Modern.az saytı keçmiş döyüşçülərlə silsilə söhbətlərin təqdimatını davam etdirir...
Qarabağın Tutusu – keçmiş şəfqət bacısı Rüxsarə Cumayeva keçdiyi döyüş yolunu əməkdaşımızla söhbətdə danışır...
Məhəmməd Əsədovla görüş
Zaqatala rayonunun Bəhmədli kəndində doğulub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub: “Qiyabi təhsil aldığım üçün həm oxuyur, həm də işləyirdim. Milli-Azadlıq Hərəkatı başlayandan sonra dərslərim arxa plana keçdi. 1988-ci ildə meydanda aclıq etdiyim üçün məni institutdan qovdular. İnstitutdan qovulduğum üçün iş yerimi də itirdim. 1989-cu ildə Müdafiə Nazirliyinin nəzdindəki hərbi xəstəxanada könüllü işə düzəldim. Bununla paralel olaraq, Bakı şəhərindəki 1 saylı Tibb Texnikumunda da kurslara davam etdim. Tibb bacısı olmasam da, qısa müddət ərzində tibb bacısının funksiyasını yerinə yetirməyə başladım. 20 yanvar faciəsi baş verəndə artıq təcrübəli şəfqət bacısı kimi yaralılara ilkin tibbi yardım göstərə bilirdim”.
Hospitalda işlədiyi vaxt sabiq daxili işlər naziri Məhəmməd Əsədovla tanış olur. Nazir Qarabağa könüllü getmək istəyən tibb bacılarının arasında onu görəndə, çox təəccüblənir:
“On yaşım olanda ağacdan yıxıldığım üçün ayağımın birini çəkirdim. Buna görə də rəhmətlik Məhəmməd Əsədov mənim Qarabağa getməyimə razı deyildi. Amma çox israr etdiyim üçün digər 3 nəfərlə birlikdə məni də özü ilə aparmağa razı oldu. Ertəsi gün helikopterlə Şuşaya uçduq. Amma Şuşada çox qalmadıq. Özümüzlə apardığımız tibbi ləvazimatları əsgərlərə verib, geri qayıtdıq. Həmin gündən etibarən Şuşa, Qarabağ məni özünə çəkməyə başladı...”.
Daşaltı faciəsinin canlı şahidi olub

Deyir ki, həmin vaxt cəbhədə atəşkəs tez-tez pozulduğu üçün yaralıların sayı getdikcə artırdı. Buna görə də bəzən gecə səhərə kimi ayaq üstdə qalırmış:
“1991-ci ildə Bakıda ilk özünümüdafiə taboru yarandı. Mən də həmin taborun tərkibində Qarabağa getmək istəyirdim. Amma ayağımda şikəstlik olduğu üçün məni ön cəbhəyə aparmaq istəmirdilər. Çox inad etdiyimi görəndə, ön cəbhəyə getməyimə razı oldular. 1992-ci il yanvar ayının 24-də helikopterlə Şuşaya uçduq. Hərbi hissə Nəbilər kəndində bir fermada yerləşirdi. Ertəsi gün axşam Daşaltı faciəsi baş verdi. Aradakı məsafə çox qısa olduğu üçün ölən və yaralalanları bizim hərbi hissəyə gətirirdilər. Mən yaralı əsgərlərə ilkin tibbi yardım göstərdikdən sonra onları hospitala göndərirdim. Şəhid olmuş əsgərlərin meyitlərini təcili tibbi yardım maşınına yığırdıq. Bir də baxdıq ki, maşın ağzına kimi meyitlə doludur, yaralı əsgərlərə yer yoxdur. Bundan sonra cəsədləri təcili tibbi yardım maşınından boşaldıb, yük maşınına yığdıq. Meyitləri Şuşa məscidinə, yaralıları isə hospitala göndərdik. Üstüm-başım qan içində idi. Çox qorxduğum üçün həmin gün Bakıya qayıtmağa qərar verdim”.
13 saat ayaq üstdə qalıb
Bakıya qayıtdıqdan sonra 4 ay hospitalda işləyib. Bu müddət ərzində neçə-neçə yaralı əsgərin qulluğunda dayanıb, onlara əsl bacı şəfqəti göstərib:
“Bir gün Səxavət həkimlə bərabər əməliyyata girdik. Xəstinin vəziyyəti çox ağırıydı. Əməliyyatın məqsədi yaralı əsgərin beynindəki qəlpəni çıxarmaq idi. Onu ancaq möcüzə nəticəsində xilas edə bilərdik. Buna baxmayaraq, biz son vəzifəmizi yerinə yeturməyə qərar verdik. Əməliyyat 13 saat çəkdi. Həkimin başı o qədər qarışıq idi ki, əməliyyat otağında mənim, yoxsa başqa tibb bacısının olduğunun fərqində deyildi. Biz koridora çıxanda Səxavət həkim təəccüblə üzümə baxıb, belə dedi:
“Sən bu şikəst ayağınla 13 saat necə ayaq üstdə qala bildin?”. Açığı, bu, elə mənim özümə də təəccüblü gəlirdi. Sanki həmin vaxt məni ilahi bir qüvvə ayaq üstdə saxlayırdı. Təəssüf ki, həmin əsgərin həyatını xilas edə bilmədik. Bu hadisədən sonra bir həftə özümə gələ bilmədim”.
Rüxsarə xanım deyir ki, onu yenidən cəbhə bölgəsinə qayıtmağa vadar edən hadisə ömrünün sonuna kimi yaddaşından silinməyəcək:
“Bir gün yenə xəstəxanada növbətçi qalmışdım. Travmatologiya şöbəsində işləyən bir həkim yanıma gəlib, onunla əməliyyata girməyimi xahiş etdi. Xəstənin kim olduğunu soruşanda dedi ki, Elçin adlı əsgərdir, qolu kəsiləcək. Elçinin 19 yaşı olduğunu öyrənəndə, çox məyus oldum. Həkimdən xahiş etdim ki, həmin əsgərin qolunu kəsməsin. Dedim, əməliyyatdan sonra Elçin soruşanda ki, mənim qolumu niyə kəsdiniz, nə cavab verəcəksiniz? Həkim məni başa saldı ki, güllə sümüyə dəydiyi üçün çürümə gedir. Əgər əsgərin qolu kəsilməsə, o, birtərəfli iflic ola bilər. Yalnız bundan sonra əməliyyatda iştirak etməyə razılıq verdim. Mən əsgərin qolunu tutdum, həkim isə nazik mişarla onu kəsməyə başladı. Həkim işini qurtaranda Elçinin kəsilmiş qolu əlimdə qaldı. Bunu dərk edəndə canımı üşütmə aldı. Özümü necə itirdimsə, əsgərin qolu əlimdən sürüşüb yerə düşdü...”.
Elçin iki gün sonra özünə gəlir. Oğlan qolunun kəsildiyini öyrənəndə üzünü həkimlərə tutub, belə deyir: “Mən anamın boynunu necə qucaqlayacam?”. Bu hadisə Rüxsarə Cumayevanı sarsıtdığı üçün o, yenidən Qarabağa qayıtmağa qərar verir.
Canyataqda qəlpə yarası alır
Ağdamdakı 836 saylı hərbi hissədə xidmət edən Rüxsarə Cumayeva bir çox qanlı döyüşlərin iştirakçısı olub:
“1992-ci il idi. Ermənilər Canyataq kəndi istiqamətindən hücuma keçdilər. Postdakı əsgərlərin əksəriyyəti 18-19 yaşlı çağırışçılar idi. İlk atəşdən sonra bir əsgər yaralandı. O, qanı axa-axa üstümə qaçıb dedi ki, “nə olar, məni ölməyə qoyma”. Baxdım ki, onun yarası ağır deyil. Dərhal ilkin tibbi yardım göstərdim. Yarasını sarıyandan sonra həmin əsgəri hospitala göndərmək istədim. Amma qəribə bir hadisə baş verdi. Bayaqdan bəri ölməkdən qorxan həmin əsgər dedi ki, “mən yoldaşlarımı güllə qabağında qoyub, heç yerə getməyəcəm”. Biz nə qədər israr etsək də, o, postu tərk etmədi. Qanı axa-axa döyüş başa çatana kimi bizim yanımızda qaldı”.
Həmin döyüşdə Qarabağın Tutusu da qəlpə yarası alır: “Ermənilər ağaclara əl qumbarası bağlamışdılar. Biz bunu bildiyimiz üçün ehtiyatla hərəkət edirdik. Döyüşün qızğın yerində komandirin sürücüsü Rəsul əl bombasının asıldığı ağaclardan birinə toxundu. Bomba partlayanda Rəsul da, mən də xəsarət aldım. Rəsulun vəziyyəti daha ağır olduğu üçün əvvəlcə ona tibbi yardım göstərdim. Sonra isə öz yaramı sarıdım. Əsgərlər nə qədər etsələr də, onları tək qoyub, hospitala getmədim. Yalnız döyüş başa çatandan sonra Ağdamın Mahrızlı kəndindəki hospitala getdim. Onu da deyim ki, hospitalda çox qalmadım. Qeydiyyatdan keçib, dərhal xidmət edtdiyim hərbi hissəyə qayıtdım. Təəssüf ki, iki gün sonra Rəsul dünyasını dəyişdi”.
Komandir onu güllələməyi əmr edib
1992-ci ilin avqust ayında Ağdamın Mehmanə kəndi uğrunda gedən döyüşlərdə Rüxsarə xanım yenidən ölüm təhlükəsi ilə üz-üzə qalır:
“Mənimlə eyni bölükdə dayım oğlu Hacıbəylə, xalam oğlu Cavanşir xidmət edirdi. Mühasirəyə düşmək ehtimalımız vardı. Özümdən çox uşaqlara görə narahat idim. Komandirimiz Qələndər İsmayılov vəziyyətin ağır olduğunu görəndə, dedi ki, “Cavanşir, mühasirəyə düşsək, dərhal Tutunu vurarsan”. Bu sözləri eşidəndə, Cavanşirin rəngi ağardı. O, əlindəki avtomatı yerə atıb, bizdən uzaqlaşdı. Bu vaxt dayım oğlu Hacıbəy gedib, onun silahını götürdü. Hacıbəy üzünü bizə tutub dedi ki, “heç kim narahat olmasın, ermənilər bizi əsir götürsələr, Tutunu düz alnından vuracağam”. Amma biz mühasirəni yardığımız üçün Hacıbəyin məni vurmağına ehtiyac qalmadı. Əgər mühasirəyə düşsəydik, məni öldürməsi üşün özüm Hacıbəyə yalvaracaqdım...”..





Seymur VERDİZADƏ