Modern.az

Düşmən əsarətindəki 2 əsir, 2 şəhid hərbçi...

Düşmən əsarətindəki 2 əsir, 2 şəhid hərbçi...

Страна

23 Sentyabr 2010, 12:00

Azərbaycan Silahlı Qüvvələrinin iki hərbiçisinin meyiti uzun müddətdir düşmənin əlindədir, daha iki hərbiçimiz isə əsirlikdədir.  Erməni tərəfi hər vasitə ilə hərbi əsirləri və şəhidlərin meyitlərini qaytarmaqdan imtina edir, bununla bağlı aparılan danışıqlardan yayınır.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisnin mətbuat xidmətinin əməkdaşı İlahə Hüseynova Modern.az-a bildirib ki, hələki əsirlərin geri alınması, şəhidlərin meyitinin qaytarlıması işində hər hansı bir yenilik yoxdur:
”Şəhidlərin meyitləri barədə heç bir yenilik yoxdu, hərbi əsirlərə isə sonuncu dəfə sentyabrn 15-də baş çəkilib. Qırmızı Xaç Komitəsi həmişə olduğu kimi onların fiziki durumu və saxlanma şəraiti ilə maraqlanıb. Bizdə olan məlumata görə, hərbi əsirlərin fiziki və saxlanma şəraiti pis deyil”.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev də bildirb ki, 2 şəhidimizin meyiti və iki əsirimizlə bağlı aparılan danışıaqlarda hələ heç bir yenilik yoxdu. 

Əsir hərbçilər:

Azərbaycan ordusunun çavuşu Anar Hacıyev 2009-cu il mayın 10-da  Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli istiqamətində əsir götürülüb. 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.


Milli Ordun kiçik çavuşu Roman Hüseynov isə 2010-cu il avqustun 27-də  ermənilər tərəfindən əsir götürülüb.  
1985-ci il təvəllüdlü Roman Novruz oğlu Hüseynov 2002-də hərbi xidmətə çağırılıb. 2004-cü ildə ordudan tərxis olunub. Sonra könüllü surətdə gizirlik məktəbini oxuyub. Kiçik çavuş rütbəsi alandan sonra Daşkəsəndə N saylı hərbi hissəyə göndərilib. Əsir düşənə qədər orada manqa komandiri kimi qulluq edib.


Əsirlikdəki şəhidlər:

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 2005-ci ildə hərbi xidmətə cağrılıb. Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edib. Xidməti zamanı çavuş rütbəsi alıb və xidmətini 2007-ci ildə bitirib. 2009-cu ilin avqust ayında yenidən könüllü olaraq hərbi xidmətə yollanıb. O, gizir rütbəsi ilə cəbhənin Tərtər iatiqamətindəki N saylı hərbi hissədə qulluq edirdi. Bu il iyunun 19-da Tərtərin Çaylı kəndi istiqamətində təkbaşına Ermənistan silahlı qüvvələrinin səngərinə daxil olaraq düşmənlə vuruşub, xeyli erməni hərbçisini məhv edib, qəhrəmanlıqla şəhid olub. İşğalçılar hələ də onun cəsədini qaytarmaqdan imtina edirlər.
Azərbaycan Respublikası prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Milli Ordunun zabiti Fərid Gülağa oğlu Əhmədov 1986-ci il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. Sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına həlak olub. Onun meyiti düşmənin nəzarəti altında olan ərazidə qalıb.
Fərid Əhmədov 2003-cü ildə orta məktəbi bitirərək Heydər Əliyev adına ali məktəbə daxil olub. 2007-ci  ildə oranı bitirib, 2007-2008- ci illərdə Təlim-Tədris Mərkəzində leytenant rütbəsi  almaq üçün kurs keçib və istəyinə nail olub. 2008-2009-cu illərdə Gəncədə xidmət edib. 2009-cu ildə öz ərizəsi ilə Tərtərə - döyüş bölgəsinə təyinat alıb, uğurlu xidmətinə görə tez bir zamanda baş leytenant rütbəsi alaraq kəşfiyyat bölük komandiri olub. 2010-cu il sentyabrın  4-də baş verən şiddətli döyüşdə şəhid olub.
 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı