Modern.az

Dilənçiliyin “postmetro” yaxud “Sumqayıt yolu” mərhələsinə keçid

Dilənçiliyin “postmetro” yaxud “Sumqayıt yolu” mərhələsinə keçid

Ölkə

24 Sentyabr 2010, 19:05

Nə dilənirsən dilən, yenə də dilənçilikdir. Hamı yaxşı bilir ki, dilənçi görmək, onun ah-naləsini eşitmək bizim həyatımızın ayrılmaz hissəsidir. Hətta küçəyə çıxmasaq da, eyvandan baxmasaq da, evdə oturduğumuz yerdə də onların qışqırığını eşidirik. Məlumdur ki, ehtiyacı olan da var, ona qazanc yeri kimi baxan da. Dilənçilik bəzisinin hobbisi, bəzisinin də adət-ənənəsidir. Əhd edib dilənənlər də var.
10 qəpiyə qane olmayan, 20 qəpiyə göz ucu baxan, “sağol” da deməyən, 1 manata görə xeyir-dua verən dilənçilər də var...

Dilənçilik “biznesi” bizim cəmiyyətdə demək olar ki özünü doğruldub. Bu peşənin müxtəlif metod və üsulları var. Kortəbii şəkildə də olsa, onlarla gündəlik həyatımızda demək olar ki, tez-tez qarşılaşırıq.
Bu metodlardan bəziləri geniş şəkildə özünü doğruldub. Bunlardan biri metronun qarşısında dilənməkdir.

Bu dilənçiliyin özünü doğrultması yalnız yaxşı qazanc gətirməsi ilə bağlı deyil. Burada söhbət, dilənçiliyin bu növünün cəmiyyətin əksər hissəsinin beynində bərqərar olması ideyasından gedir. Məsələn, primitiv bir misal, zarafatla kiməsə aradabir deyirsən “get metronun qarşısında əlini aç dilən!”. Və yaxud da “dilənçi” deyəndə metro qarşısındakı dilənənlər ilk ağla gələn olur.
Bu qədər geniş qazanc imkanları olan dilənçilik peşəsi daim inkişafda, daim yeni-yeni metodlar, yollar axtarışındadır.
Artıq bu yeniliklərdən biri və son zamanlar da daha tez-tez şahidi olduğumuz Sumqayıt şəhərinə yol pulu istəyənlərin varlığının gündəmdə qərarlaşmasıdır. Özlərinin dediyinə görə, tərk etdikləri son məkanları olan həbsxanadan, xəstəxanadan doğma mənzillərinə getmək istəyirlər. Bu yolda onlara dəstək olmaq əslində nümunəvi bir hərəkətdir. Əgər doğurdan da bu onun yoludursa.
Eşitdiyimə görə yalnız Sumqayıta yox, Qaraçuxura, Buzovnaya və digər yerlərə yol pulu istəyirlər.
Nəyə görə mən məhz Sumqayıtı qeyd edirəm? Çünki, eyni şəxs müxtəlif günlərdə  təkrarən mənə yaxınlaşaraq məhz Sumqayıta 60 qəpik yol pulu istəyib. Mən də cavabında, “hər gün burada məndən sənin kimi 10 nəfər yol pulu istəyir deyirəm” (əslində bu cavab özümə də ləzzət edir). Yoldaş dilənçi də, heç bir söz demədən uzaqlaşır.
Dilənçilik yeni üsullar əldə etməklə, özünün bəzi ənənəvi keyfiyyətlərindən, dəyərlərindən məhrum olmuş olur. Məsələn, keçmişin dilənçisi (məsələn, metro dilənçisi) üst-başının cırıq-cındırı ilə, fiziki qüsuru ilə, sir-sifətinin çirki ilə, Allahın, imamların adına duaları ilə xarakterizə olunurdusa, bu yeni üsul dilənçilikdə başqa keyfiyyətlər, məsələn, səliqə-sahmanlı üst-baş, qarşılıqlı dialoq, xoş sözlər, təriflər (məsələn, görürəm “dostoyno” oğlana oxşayırsan) və s. yer alır. Keçmiş dilənçilikdə tələb və təklif kütləyə ünvanlanırdısa, burda təkbətək söhbət, fərdi keyfiyyətlər ön plana keçir.

Eyni zamanda küçələrdə bizə yaxınlaşan spirt qoxulu dilənçiləri də qeyd etmək lazımdır. Amma bu növ dilənçilik sözügedən dilənçiliyin ibtidai formalarından biridir. Demək olar ki, tam dolğunluğu ilə özünü doğrultmayıb, qeyd etdiyimiz yeni keyfiyyətləri özündə əks etdirmir. Bu da qazancdır, amma eyni zamanda onlar sözün həqiqi mənasında bədbəxt insanlardır. Amma bizim söhbətimiz fırıldaqçılardan gedir.

Belə güman etmək olar ki, yaxın gələcəkdə bu yolsuz yolçular daha Sumqayıta, Qaraçuxura yox, Gəncəyə, Şəkiyə, Lənkərana 10-15 manat yolpulu axtaracaqlar. Daha sonra Moskva, İstanbul, Kiyev, London,  Tokio, Dubaya 300-500 dollar... Çox perspektivli sahədir. Hətta Marsa qədər gedib çıxa bilərlər.
İmkansıza, ehtiyacı olana, həqiqətən də dilənmək məcburiyyətində qalana əl tutmaq, qismən də olsa onun ehtiyacının təmin edilməsində iştirak etmək, xeyirxah əməllə məşğul olmaq biz müsəlmanlar üçün nümunəvi, təqdirəlayiq əməldir. Allah bizi bu fırıldaqçılardan qorusun!    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı