Modern.az

Hamlet İsaxanlı ilə fotosöhbət

Hamlet İsaxanlı ilə fotosöhbət

Fotosöhbət

22 Sentyabr 2012, 10:20

Modern.az saytı Xəzər Universitetinin təsisçisi şair, tərcüməçi, publisist, dilçi və ədəbiyyatşünas Hamlet İsaxanlı ilə fotosöhbəti təqdim edir.
Hamlet İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Qardabani (keçmiş Qarayazı) rayonunun Kosalı kəndində anadan olub. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə qəbul olunub və 1970-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1970-ci ildə Nailə Əsgərli ilə evlənib. 
1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu tərəfindən M.V. Lomonosov adına Moskva Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsinə aspiranturada oxumağa göndərilib və 1973-cü ildə "Operator dəstələrin spektral nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
1973-1983-cü illər ərzində H.İsaxanlı Moskva və Bakıda, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ Elmlər Akademiyasının V.İ.Steklov adına Riyaziyyat İnstitutunda, Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda, Azərbaycan Dövlət Universitetində çalışıb, elmi-tədqiqatla və qismən də pedaqoji işlə məşğul olub.
Sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) və Leninqrad Maliyyə və İqtisad İnstitutunda (Bakı filialında) uyğun olaraq professor və kafedra müdiri kimi fəaliyyət göstərib.
1991-ci ildə İngilisdilli Azərbaycan Universitetinin yaranmasına təşəbbüs göstərib. Azərbaycan SSRİ Nazirlər Sovetinin 20 dekabr 1990 tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 1991 tarixli qərarları ilə rəsmi status alan Xəzər Universitetini təsis edib, Azərbaycanın ilk özəl universitetinin qurucusudur.
Hamlet İsaxanlı şair kimi də tanınır. Azərbaycanda, Rusiyada, Çində, İranda, Gürcüstanda, Pakistanda və digər ölkələrdə şeir kitabları, jurnal, qəzet və poetik toplularda şeir və poemaları nəşr olunub. Onun şeirləri rus, ingilis, çin, gürcü, eston, türk və digər dillərə tərcümə olunub.
Hamlet İsaxanlı cəmiyyətdə həm dəşair, tərcüməçi, publisist, dilçi və ədəbiyyatşünas kimi də məşhurdur.
Qeyd edək ki, o, 1920-ci illərin sonu və 1930-cu ildə Gürcüstan və Ermənistanda Sovet hakimiyyətinə qarşı üsyana başçılıq etmiş məşhur Qaçaq İsaxanın nəvəsidir.

 

Nənəmin qucağında oturan güllü paltar geymiş salladodaq qara oğlan mənəm. Bu məndə olan ilk şəklimdir. 

 

Orta məktəb əlaçıları arasında. Arxada 3-cü sırada sağda duran balaboy, saçı pərişan oğlana baxın.

 

Ali məktəbə qəbul olunduğum gün. Şəkildə sağda oturan atam Abdulla, yanında başını yuxarı qaldırmış yeni tələbə mənəm. 

 

Gəncədə hərbi təlimdə. Şəkili sevdiyim qıza göndərdim. O, “əlindəki jurnalın üzündəki qızdan nə bərk-bərk yapışmısan” deyə mənə məktub yazdı.

 

Tələbəlik...

Ali məktəbi bitirdim! Ayaq üstə duran bakenbardlı oğlan mənə oxşayırmı?

 

Moskva Dövlət Universitetində elmi-tədqiqatla məşğul olarkən mürəbbəli çaysız keçinmək olmur. Sağdakı gur saçlı oğlan mənəm.  

 

Məşhur fransız riyaziyyatçısı J. Dedonne ilə (hündürboylu qara paltarlı adam Dedonne yanındakı - Fərəməz Maqsudov, onun yanındakı gənc isə mənəm)

 

Kanada. Sualtı gəmidə. 

 

Mənim şahmat sevgim ailəni də başına alıb.

 

 

Eyni bir xanımla (Nailəxanım) müxtəlif yerlərdə (və müxtəlif illərdə).

 

Məşhur Kanada riyaziyyatçısı F. Atkinsonun evində. Toronto. Sovet zamanı. 

 

Kanadada. Alberta. 

 

Ailə!

 

Qaçaq İsaxanın oğul nəvələri .

 

Goethe yaşlı vaxtında 18 yaşlı qıza vurulmuşdu və bu sevgini “Marienbad elegiyası”nda tərənnüm etmişdi. 

 

Xəzər Universitetində səfirlərlə görüşmək xoşdur və... lazımdır. 

 

Konsert əla keçir.

 

 

Müğənnilər, xanəndələr susub. Mən danışıram, bəlkə də oxuyuram? 

 

Hüseyn Bağırovla çox şeydən danışa bilərik. Bu halda, deyəsən, ekstremal idmandan, xüsusilə uca zirvələrə çıxmaqdan söhbət gedir.

 

Türkiyə Futbol Federasiyasının prezidenti Haluk Ulusoyla Xəzər Universitetində.  Mən futbolçuyam.

 

Nurəddin Rzayev və Süleyman Əliyarlı ilə şirin söhbət. 

 

Üç müşketyor və Dartanyan (Nəriman Həsənzadə, Nurəddin Rzayev və Tofiq Abasquliyevlə Xəzər Universitetində) 

 

Hərdən bal-maskarad kefimizi kökəldir.

 

“Ömür yolu bircə andır.” Rəşidə Behudova və Pantomima teatrının mənim şeirlərim əsasında hazırladığı tamaşadan.

Məni anadan olduğum rayonun fəxri vətəndaşı seçiblər. Qəribədir dünyanın işi...

 

Mən oynaya da bilirəmmiş... 

 

Qızım Aygünlə hara baxıb gülürük, yadımda deyil. 

 

Buna “diqqətsizlik” də demək olar. Uşaqlar qarşımda rəqs edirlər, mənsə... görürsünüz. 

 

Misir müəllim və Qorxmaz müəllimlə. Norveç. 

 

 

Bağımızda.

 

Harvard Universitetində Dağlıq Qarabağ mövzusunda çıxış.

 

Opera və Balet Teatrında. 

 

Gözəl gənclər (üstəlik, xanımlar) arasında adam özü də gəncləşir... 

 

Müsahibə verənin də, götürənin də kefi yaxşıdır.

 

Sevimli dağlar, göy çəmən və top. Oyna və yaşa! 

 

 

“Altda qalanın canı çıxsın” deyirlər, amma nəvələrlə oynamaqdan həzz alıram.  

 

“Dünya” məktəbində, şagirdlərlə görüşdən sonra.

 

Məruzədən əvvəl məsləhətləşmə. Hafiz Paşayevlə.  

 

 

Bir Çinli və iki Azərbaycan riyaziyyatçısı kababdan əvvəl və sonra (fərq görünürmü?) 

 

Bilyard dəqiq hesab, həm cəsarət, həm ehtiyat tələb edir. Altay isə müşahidə edir...

 

Kiçik və xoş bir təcavüz altında... 

 

Baba, nənə və iki nəvə. 

 

Dünya məktəbində Jalə xanımla.

 

Məni miniblər və mənə xoşdur.

 

Dəniz və mən...

 

Beynəlxalq konfransda məruzəmdən sonra “Azərbaycanda rüşvətin qarşısını necə almaq olar” deyə sual verdilər. Mən Lenin və Stalin haqqında lətifə ilə başladım...

 

Bəxtim gülür ara-sıra. Bir sevda qonur başıma. Bir fikir, bir neçə misra. Hakim olur yaddaşıma.


 

Ay sizə nə deyim, Yapon qızları. 

 

Ceyranım, gəl, gəl... Kyoto şəhərində.

 

Deyilənə görə bu dar deşikdən keçə bilənləri işi uğurlu olacaq. Mən keçdim, görək... 

 

Qədim Yapon tarixi və mədəniyyəti maraqlıdır. 

 

Pekində məşhur “quş yuvası” stadionu önündə (içinə də getdim, gəzdim) 

 

Həsən Həsənov və Camal Mustafayevlə.

 

Çinin cənubunda azlıqda olan xalqların biri il görüşdə. 

 

Bu adamları təqdim etməyə ehtiyac varmı? Fotokamera və keyfiyyətə görə Tahir Salahova borcluyuq.

 

Uşaqlarla oynamaq adama ləzzət verir.

 

Musiqi dünyasında.

 

Ürəkdən güləndə.

 

Görkəmli tarixçi Tadeuş Svietoçovski və xanımı ilə.

 

Bəstəkar Arif Məlikovla salonda.

 

Hindistanda belə qarşıladılar...  

 

“Bəlkə mən də bir mahnı oxuyum?” sözü Aygün Bəylərə ləzzət verdi.

 

Azad, sərbəst həyatın görüntüləri.

 

Gözəl tamaşaya baxıb həzz almaq özü bir tamaşadır... 

 

Şeir oxuyardən göz yumulsa yaxşıdır, içinə qapana bilirsən.  

 

Manana Nailəxanımın mənim sözlərimə yazdığı mahnını oxuyur, Səbinə rəqs edir, mənə sadəcə baxmaq qalır.

 

Bu iki xanım Xəzər Universitetini, Universitet də onları sevir. 

 

Bu şəkilə, reklama görə, zənnimcə, “Qarant Sığorta” mənə sığorta hədiyyəsi etməlidir. 


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!