Braziliyanın “Chapecoense” klubunun üzləşdiyi təyyarə qəzası futbol dünyasında yaşanan digər qəzaları yada saldı.
Modern.az saytı futbol dünyasında baş vermiş digər ağır qəzaları oxucularına təqdim edir.
1949-cu il mayın 4-də İtaliyanın ”Turin A.C” futbol komandasını daşıyan təyyarə qəzaya uğrayıb.. Qəza nəticəsində aralarında futbolçularla məşqçilərin də olduğu 23 nəfər həyatını itirib. Bununla da 1940-cı illərdən komandanın qızıl dövrü başa çatıb. Komanda isə baş vermiş hadisədən sonra fəaliyyətini dayandırıb.
6 fevral 1958-ci ildə İngiltərənin “Mançester Yunayted” futbol komandasını daşıyan təyyarə Münhendə qəzaya uğrayıb. “Bazbinin körpələri” olaraq anılan komandadan qəza zamanı 8 futbolçu həyatını itirib. Əfsanəvi baş məşqçi Matt Bazbinin də ağır yaralandığı qəzadan sağ çıxan futbolçular Conni Berri, Ceki Blanşflauer, Bobbi Çarltn, Bill Folkes, Harri Qreq, Ken Morqans, Albert Skanln, Denis Violet və Rey olub.
1969-cu ilin sentyabrın 26-da Boliviyanın “The Strongest” komandası Viloko şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində aralarında jurnalistlərin, komanda heyətinin olduğu 78 nəfər həyatını itirib. Dünyasını dəyişənlərdən 19-u komanda nümayəndələridir.
11 avqust 1979-cu ildə Özbəkistanın “Paxtakor” klubunun oyunçularını daşıyan təyyarədə qəza baş verib. Qəzada həyatını itirən 178 nəfərdən 17-si futbolçu olub. Bütün komanda üzvləri qəzada həyatını itiriblər.
1989-cu ilin yanvar ayının 20-də Türkiyənin “Samsunspor” futbol komandasının oyunçularını daşıyan avtobus Malatyada qəza keçirib. Qəza nəticəsində 3 futbolçu, məşqçi Nuri Asan və sürücü ölüb.
Zambiya milli komandasını 1993-cü ildə Qabonun Libreville şəhərinə aparan təyyarə qəzaya düşüb. 1994-cü ildə Dünya çempionatına qatılmağı hədəfləyən Zambiya millisi Qabon ilə səfər oyunuya çıxmalıydı. 30 nəfərin həyatını itirdiyi qəzada Zambiya millisinin oyunçuları və texniki heyətdən 18 nəfər ölüb.
Qeyd edək ki, ötən gün Braziliyanın “Chapecoense” klubunun futbolçularını daşıyan təyyarənin qəzaya uğraması nəticəsində 76 nəfər ölüb, 5-i isə ağır xəsarət alıb.
Mirmahmud KAZIMOĞLU