Modern.az

“EuroHome”dakı yanğın Baş Prokurorluqda ARAŞDIRILIR

“EuroHome”dakı yanğın Baş Prokurorluqda ARAŞDIRILIR

Hadisə

12 May 2020, 16:42

Mayın-11 də “EuroHome” tikinti malları bazarında baş vermiş yanğın hadisəsi Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq idarəsində araşdırılır.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib.

 

Qeyd edək ki, 11 may 2020-ci il tarixində saat 22:51-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub. Zəng daxil olandan 6 dəqiqə sonra - saat 22:57-də Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi, təqribən, 22500 kv.m.-ə yaxın olan bazarın 3300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub.

“Yanğının mürəkkəbliyinə, ərazidə xeyli miqdarda asan alışan və yüksək yanğın risk qrupuna aid mal-materialların yığılmasına baxmayaraq, yanğınsöndürmə qüvvələrinin hadisəyə operativ müdaxiləsi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının daha geniş əraziyə yayılması və daha böyük fəsadların qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb söndürülməsi təmin edilib. Yanğınsöndürmə işləri ilə yanaşı, bazarda olan mal-materialların yanğından mühafizəsi məqsədilə FHN qüvvələri tərəfindən yanğın zonasından kənarlaşdırılması təmin edilib",-deyə nazirlik bildirib.

Qeyd edilib ki, yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin ümumilikdə 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub. Yanğının başvermə səbəbi araşdırılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi