Modern.az

Vətəni yaşadanlar: “Oğlumu hamının tanımağını istəyirəm” - Əsgər anası

Vətəni yaşadanlar: “Oğlumu hamının tanımağını istəyirəm” - Əsgər anası

15 Dekabr 2020, 09:00

Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidir!... Şah İsmayıl Xətainin bir deyimini xatırlayıram: “Qılınc həmin qılıncdır, qol o qol deyil”. Bəli, silah texnikası düşməndə də var, lakin əsgər həmin əsgər, ürək həmin ürək deyil. Onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır, bizim əsgərlər isə son damla qanına qədər döyüşü davam etdirir...

İkinci Qarabağ Müharibəsində Azərbaycanın igid əsgərləri bunu bir daha sübut etdi. Azərbaycan İgidi qorxmadan, qəhrəman kimi düşmənlə əlbəyaxa döyüşdü, Qələbə sevincini Azərbaycan xalqına yaşatdı. Bu döyüşdə şəhid olan neçə-neçə igidlərimizin qanı yerdə qalmadı.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 2783 nəfər əsgərimiz qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə yüksəldi. Biz 30 il boyunca “Qan yaddaşımız”ı unutmadığımız kimi, bundan sonra da “Zəfər yaddaşımız”ı unutmamalı, unutdurmamalıyıq. 


Modern.az saytı “Vətəni yaşadanlar” rubrikasına davam edir.


Haqqında danışacağımız qəhrəman Yusif Ağaməmmədovdur.


Yusif Füzuli oğlu Ağaməmmədov 1998-ci il dekabrın 12-də Yevlaxda anadan olub. 2016-ci ildə məktəbi bitirib, həqiqi hərbi xidmətə yollanan Yusif 2018-ci ildə xidmətini başa vurduqdan sonra Orduda qalıb, xidmətini davam etdirməyi qərara alıb. İkinci Qarabağ Müharibəsi başlayan gündən Füzuli, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib.

Daha ətraflı Yusifin anası Rəfiqə xanımdan eşidək.



- Rəfiqə xanım, oğlunuz Yusifin uşaqlığından danışa bilərsiniz?


- 1998-ci ildə Yusif dünyaya göz açdı. Özünü dərk edən gündən Vətən deyirdi. Yusif uşaqlıqdan məni incitməyib. Ağıllı, tərbiyəli, sözəbaxan uşaq olub. Məktəbdəki müəllimləri hər zaman Yusifin tərbiyəsindən, vətənpərvər olmağından danışardı.

Onun uşaqlığından danışası olsam, bizə saatlar bəs etməz...


- Yusifi vətənə, torpağa olan bağlılığı kimdən gəlir?


- Üç oğlum var, üçünün də vətənə, torpağa olan sevgisi heç bir sevgiylə ölçülməz. Oğullarımın vətənə bağlı olmalarının ilk səbəbi atasının, anasının vətənə olan sevgisindən irəli gəlir. Böyük oğlum da vətənə xidmətdədir.

Yusif vətəni qorumağı özünə borc bilirdi. Heydər Əliyev adına hərbi məktəbə imtahan verdi. Müsabiqədən keçə bilmədiyi üçün çox pis oldu. 

Hər zaman mənə deyərdi ki, ana, vətəni qorumağa mən getməyim, o getməsin, bəs kim getsin?



-Yusif həqiqi hərbi xidmətə nə zaman yollanıb?

- 2016-ci ildə Qobustanda xidmət edib. 2018-ci ildən sonra da orada qalıb, xidmətini davam etdirib. İkinci Qarabağ Müharibəsi başlanan gündən Füzuli, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da döş qəfəsindən yaralanıb. Yaralı halda üç saat orada qalıb, döyüş bölgəsindən çıxarda bilməyiblər.


- Oğlunuz döyüş xatirələrindən sizə nə danışır?


- Yusif hər danışanda gözləri dolur, danışa bilmir. Döyüş dostlarının şəhid olduğu an gözünün önünə gəlir.

Ana olaraq o gözlərdəki acını hiss edirəm.


- Rəfiqə xanım, hazırda vəziyyəti necədir?


- Hazırda Buzovna Reabilitasiya mərkəzində müalicə alır. Xəstəxanada gözlərini açan kimi məndən evdəki bayrağını istədi. Yusif bu dərəcə Azərbaycana bağlıdır.

Vəziyyətindən nə deyə bilərəm. Onurğa sütunundan yaralandığı üçün iflic vəziyyətdədir. Ayaqları işləmir.

Mən sizin vasitəçiliyinizlə oğlumu hamının tanımağını istəyirəm. İstəyirəm ki, Azərbaycanın vətənpərvər övladları heç zaman unudulmasın.


Qeyd edək ki, qazi Yusif Ağaməmmədov xəstəxanada müalicə olunduğu üçün, danışmasına icazə verilmir.



Fidan İlqarqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər