Haqqında danışacağım iyrənc hadisə Qusarın kəndlərindən birində baş verib. Düz iki ay bundan əvvəl – 1 dekabr 2020-ci il tarixində. Yazımda nə hadisənin qeydə alındığı kəndin adını çəkəcəyəm, nə də təcavüzə məruz qalan qadının. Etik nöqteyi-nəzərdən bunu düzgün hesab etmədiyim üçün ünvanı bildirməyəcəyəm.
Əvvəlcə hadisənin xronoloji ardıcıllığı haqda. Axşam saat 22 radələrində kənddə tək yaşayan yaşlı qadın qəfildən evində işıqların söndüyünü və az sonra qaranlıqda pəncərədən bir nəfərin otağa atıldığını görür. Nə baş verdiyini anlamayan qadın qaranlıqda həmin adamın ona təcavüz etmək istədiyini başa düşür və ciddi cəhdlə əl-qol atan adamın onun namusuna toxunmaq istəyinə mane olur. Yaşlı qadına qarşı seksual xarakterli hərəkətlər edən “kişi” murdar niyyətini həyata keçirə bilmir. Qadının özünü qorumaq cəhdi və və stolun üstündəki bıçaqla həmin şəxsin bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirməsi onu xilas edir. Nəticədə evə soxulan adamın yaşlı qadınla cinsi əlaqədə olmaq istəyi baş tutmur. Təzyiqlərə məruz qalan “kişi” gizli daxil olduğu evi tərk etməyə məcbur olur və küçəyə qaçır.
Aldığı xəsarətlərdən küçədə özünü halsız hiss edən həmin şəxs ailə üzvlərinə zəng edərək, yaralandığını deyir. Qusar rayon mərkəzi xəstəxanası COVID-19-a görə bağlandığından yaralı yaxınlarının köməyilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılır. Cərrahiyyə şöbəsinə yerləşdirilən “kişi”də bıçaq xəsarətləri olduğundan dərhal polisə məlumat verilir. Öz növbəsində zorlanmağa cəhdə məruz qalan qadın da DİN-nin "102" çağrı mərkəzinə zəng vuraraq, evinə olan basqın və özünün zorakılığa məruz qalması barədə məlumat verir...
Hadisə barədə xronoji ümumi məlumatdan sonra keçək gecə saatlarında tək yaşayan qadının narahatlığını pozan, ona cinsi təzyiq etmək istəyən "qoçağ"ın kimliyinə.
Yaşlı qadının "102"yə verdiyi məlumatdan sonra Qusar Polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib. Hadisə yeri müayinə edilib, qadının izahatı alınıb. 63 yaşlı qadın ifadəsində bildirib ki, gecə saat 22 radələrində həmkəndlisi olan Vasif adlı şəxs onun ikinci mərtəbədəki otağına soxulub və cinci zorakılığa məruz qaldığından özünü müdafiə edərək Vasifi bıçaqlayıb.
Anası yaşda olan qadını zorakılığa məruz qoyan Qusar rayon sakini, 27 yaşlı Vasif Rumik oğlu Həmzətov Xaçmaz rayon mərkəzi xəstəxanasında müalicəsi başa çatdıqdan sonra istintaqa cəlb edilib. Ürək bulandıran hadisə barədə Qusar rayon Polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılıb. Toplanmış materiallar rayon Prokurorluğuna göndərilib.
Qusar Prokurorluğundan aldığımız məlumata görə, tək yaşayan 63 yaşlı qadının evdə kimsəsiz olmasından istifadə edib onun yaşadığı mənzilə daxil olan Vasif Həmzətov barəsində prokurorluqda respublika Cinayət Məcəlləsinin 29, 149-cu (zorlamaya cəhd) və157.1-ci (mənzil toxunulmazlığını pozma) maddələrilə cinayət işi açılıb. Artıq barəsində həbs qətiimkan tədbiri seçilən Vasif Həmzətov törətdiyi cinayəti etiraf edib.
27 yaşlı Həmzətov hadisəni sərxoş vəziyyətdə törətdiyini açıqlayıb. O, ifadəsində bildirib ki, tək yaşayan qadının evinə girmək üçün evə gələn işığı sayğacdan söndürüb, tövlənin üstünə çıxaraq evin 2-ci mərtəbəsinə çıxıb və otağa tullanıb. Sonrası isə məlumdur.
Biabırçı hadisədir. 27 yaşlı cavan adam anası-nənəsi yaşında olan 63 yaşında ahıl qadına tamah salır. Mən elə bu sətirləri yazanda iyrənirəm. Vasif Həmzətov görəsən utandımı bu hərəkətinə görə? Milli mentalitetimizə, adət-ənənəmizə baxanda da həmişə oğullarımızın, ərənlərimizin ana-bacılarımızın namusunu qoruyan, qeyrətini çəkən görmüşük. Elə son Vətən müharibəsində 2800-dən çox şəhid olmuş mərd, vətənpərvər oğullarımız ana-bacısının namusunu qorumaq üçün canlarından keçməyibmi? Həmyaşıdlarının, eləcə də Qusardan müharibəyə gedən və 38 gəncin şəhid olmağını, cəbhədən gələn qələbə xəbərini görəsən Vasif Həmzətov eşidibmi? Vasif cəbhəyə niyə getməyib, bəlkə səhhəti imkan verməyib və ya başqa səbəb var, bunu bilmirəm. Bildiyim tək odur ki, onun arxa cəbhədə yaşlı qadının namusuna toxunmaq istəməsi çox utancvericidir.
Bu yerdə bildirək ki, zorlanmaya cəhdə məruz qalan 63 yaşlı qadın ailəli olub, həyat yoldaşı 2017-ci ildə dünyasını dəyişib. 27 yaşlı Həmzətov isə ailəli olub, boşanıb.
Və son olaraq, Qusar rayon Prokurorluğu Vasif Həmzətov barəsində olan cinayət işinin istintaqını yekunlaşmaq üzrədir. İş baxılması üçün yaxın günlərdə Qusar rayon Məhkəməsinə göndəriləcək. Məhkəmədən ədalətli qərar veriləcəyinə inanırıq. Vasif Həmzətov kimi təsadüfi ehtirasının qurbanı olanlara bu bir ibrət dərsi olmalıdır.
Aytəkin Alxaslı,
Qusar, 1 Fevral