Bakıda qarğalar çoxalıb. Son vaxtlar paytaxta xarakterik olmayan hadisə müşahidə edilməkdədir. Şəhər sakinləri xeyli vaxtdır səhərlər qarğaların səsinə oyanırlar. İnsanlar “qağğ! - qağğ!” səsindən şikayətlənir, qarğaların belə çoxalmasının səbəbini aydınlaşdıra bilmirlər.
Bakı ərazisində qarğaların artmasının səbəbi nədir? Bu quşların sürətlə çoxalması hansısa ekoloji problemlərdən qaynaqlanmır ki?..
Respublika Ornitoloqlar Cəmiyyətinin sədri Elçin Sultanov Modern.az-a açıqlamasında təşvişə ehtiyac olmadığını bildirib:
“Qarğa adi quşdur. Əksər ölkələrin təbiətində və böyük şəhərlərdə qarğalar yaşayırlar. Mən Moskva şəhərində oxumuşam, orada da qarğalar çoxdur və bu, insanlara adi gəlir. Azərbaycanın rayonlarında qarğalar yaşayırlar. Amma Bakı-Abşeron şirin su ilə bağlı problemli ərazi olduğuna görə, əvvəllər qarğalar burada az idi. Ona görə respublika ərazisində rast gəlinən quşların yarısı Bakı-Abşeron zonasında yoxdur”.
Ornitoloq qarğaların artmasına Bakıda yaşıllıqların salınmasının da təsiri olduğunu qeyd edib:
“Bakıda bir müddət yaşıllıqların azalması, ağac və kolların çox az olması, qamışlıqların yoxluğu da qarğaların bu şəhərdən imtina etməsinə səbəb olurdu. İndi Bakı dəyişib, meşəliklər, ağaclıqlar salınıb. Ağac sevən quşlar Bakıya qayıtmağa başladılar. Paytaxtda qara qaratoyuq, payız bülbülü və s. quşlara rast gəlinir. Hətta mən deyərdim ki, Bakıda ən axırıncı artan qarğalar oldu. İnsanlar digərlərini, xırda quşları çox zaman tanımır, onlar gözə dəymirlər. Amma qarğa iri quşdur, insanlardan qorxan deyil. Əvvəllər qara qarğalar olurdu, indi isə ala qarğalar da var”.
Müsahibimiz onu da deyib ki, qarğaların çoxalma səbəbi başqa bir amillə də bağlı ola bilər - zibilxanalarınm çoxalması...
“Bu quşlar yaşayış yerlərinə yaxında yuva qurur və camaatın “gözünə girir”. Şəhər sakinlərinin belə situasiyadan xoşu gəlmir. Qarğada yırtıcılıq var, hər şey yeyirlər. Quşların yumurtaları, balaları ilə qidalanırlar. Onlar zibilxanaları da xoşlayırlar. Bütün bunlara baxmayaraq, qarğaların Bakıda və Abşeronda artması ilə bağlı narahatlığa əsas yoxdur. Bir müddət sonra onların sayı azalacaq, müəyyən həddə qalacaq. Sayının azalmasını istəyiriksə, Bakıdakı zibilxanaları səliqəli saxlamaq, açıq və üfunətli olmamasına diqqət etmək lazımdır”.