Müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da hər il Qurban bayramı böyük təntənə ilə keçirilir. Qurban bayramında Allah yolunda qurbanlar kəsilir, dualar edilir.
Artıq iki ildir ki, Qurban bayramını dünyada davam edən pandemiya şəraitində qarşılayırıq. Müqəddəs bayram pandemiyaya təsadüf etdiyindən onun bütün şərtlərini yerinə yetirməkdə müəyyən çətinliklər yaranır.
Maraqlıdır bəs, bu il Qurban bayramında insanlar Həcc ziyarətinin əvəzinə hansı savab işlər görə bilər?
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Modern.az-a deyib ki, bu il Həcc ziyarəti təxirə salındığından bayram ərəfəsində insanlar Məkkəyə yol xərcini və s. vəsaiti ehtiyacı olan ailələrə versələr, bu, dini tərəfdən bəyəniləndir:
“Artıq ikinci ildir ki, Həcc ziyarəti təxirə salınır. Bu il də Həcc ziyarətini yalnız Səudiyyə Ərəbistanının məhdud sayda vətəndaşları edəcəklər.
Həcc ziyarətinə getmək arzusunda olub, lakin gedə bilməyən insanlar bunun üçün ayrıdığı vəsaiti digər faydalı işlərə sərf edə bilərlər. Əlbəttə, bəzi zəvvarlarımız var ki, artıq ikinci, üçüncü dəfə Həcc ziyarətinə getmək niyyətində idilər.
Həmin vəsaiti istənilən xeyriyyə işlərinə xərcləmək olar. Ehtiyacı olan insanlara, təhsil haqqını ödəyə bilməyən tələbələrə, şəhid və qazi ailəsinə istiqamətləndirmək olar. Çünki Həcc ziyarəti bizə həmrəyliliyi, insanlarla paylaşmağı aşılayır”.
QMİ-nin nümayəndəsi həmçinin, Qurban bayramı günü məscidlərdə qılınacaq bayram namazına da aydınlıq gətirib.
Hacı Şahin bildirib ki, hər şey yoluxma dinamikasından asılıdır:
“Bəli, karantin qaydalarına uyğun olaraq məhdud sayda insanlara məscidlərdə namaz qılmağa icazə verilir. Qurban bayramına qədər hansısa dəyişiklik olmasa, hazırda olan qaydalar çərçivəsində bayram namazı qılınacaq.
Əlbəttə, bununla bağlı nəsə demək çox çətindir. Bayrama yaxın Qafqaz Müsəlmanlar İdarəsi bununla bağlı öz mövqelərini mətbuata çatdıracaq. Hazırda dəqiq bir söz demək çətindir. Çünki hər şey yoluxma dinamikindən asılıdır. Ölkədə hazırda məsələ ilə bağlı vəziyyət qənaətbəxşdir. Amma hər gün müəyyən dəyişiklik ola bilər”.
Fidan İlqar