Modern.az

Elmar Vəliyevlə bağlı ekspertiza rəyi AÇIQLANDI

Elmar Vəliyevlə bağlı ekspertiza rəyi AÇIQLANDI

8 İyul 2021, 10:24

Gəncə şəhərinin keçmiş icra hakimiyyəti başçısı Elmar Vəliyevin səhhəti ilə bağlı ekspertiza rəyi verilib.

Modern.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov bildirib.

 

Onun sözlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevlə bağlı ekspertiza rəy verib ki, sui-qəsd nəticəsində Elmar Vəliyevdə psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi onun vəziyyətinin pisləşməsinə səbəb ola bilər.

 

Bu iş üzrə növbəti məhkəmə iclası iyulun 15-nə təyin edilib.

 

Bu ilin mayında məhkəmə Gəncənin keçmiş icra başçısı E.Vəliyevin anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onunla bağlı tibbi ekspertizaya qərar vermişdi. Bu üzdən də proses qeyri-müəyyən vaxta ertələnmişdi. 

Qeyd edək ki, keçmiş icra başçısına qarşı sui-qəsddə suçlanan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə istintaqı tamamlanıb. Prokuror Y.Səfərova ömürlük, digərlərinə isə 18 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası istəyib. (Mahir Əzizovun 20 il, Hamlet Abdullayevin 19 il, Akif Əliyevin 20 il, Rasim Mustafayevin 20 il, Ceyhun Qurbanovun 18 il, Firudin Zeynalovun 19 il, Cəfər Zalovun 18 il, Vüqar Məmmədovun 19, Ceyhun Salahovun 19 il müddətinə azadlıqdan məhrum edilməsi istənilib). 


Sözügedən məhkəmə prosesi bir aydan çox idi ki, dayanmışdı.


 

 

 

Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törədən Yunis Səfərov həbs edilib.

Rəsmi məlumatda hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Y.Səfərovun əsas məqsədinin Azərbaycanda islam dövləti qurmaq olduğu bildirilir. Səfərov isə bu iddianı təkzib edir, keçmiş icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirib.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib. Gəncə hadisələrindən sonra ümumilikdə həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Ayrı-ayrı qruplar şəkilində keçirilən bu proseslərdə onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılıb, azadlığa buraxılanlar olub.

Yunis Səfərov və daha 11 nəfərin işi üzrə ayrıca məhkəmə gedir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər