Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 50-dən çox siyasi təşkilat fəaliyyət göstərir.
Amma ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyətinə birmənalı münasibət yoxdur. Böyük əksəriyyət siyasi təşkilatların səmimiyyətinə inanmır, onların qrup maraqlarına çalışdığını, yedək qurumlar olduğunu iddia edir.
Belədə, siyasi partiyalardan gələcək üçün töhfələr gözləyənlər də azdır.
Bəs siyasət yazarları partiyalar barədə nə düşünür, onların bu qurumların sabahına inamı hansı səviyyədədir?
Oxu.az saytının siyasət yazarı Aqşin Kərimov bildirib ki, gələcəkdə töhfələr müəllifi kimi çıxış edə bilən partiya yoxdur:
“Şəxsən mənim nəzərimdə cəmiyyəti mütərəqqi ideyalara hazırlayan, gələcək üçün töhfələr müəllifi kimi çıxış edə bilən bir partiya yoxdur.
Söhbət heç də savaddan getmir, mən əminəm ki, partiya sədrlərinin hərəsinin özünə görə savadı var, amma bəziləri reallıqla əlaqələrini itirdiyindən ya saxta informasiyaları əlində bayraq tutur, ya da pafoslu çıxışlarla əsassız məzəmmətlər müəllifinə çevrilir.
Partiya hakimiyyətə iddialı siyasi institutdur, amma hakimiyyətə iddiası olanın proqramı da olmalıdır. Hazırda partiyalar proqramla çıxış etməkdənsə, daha çox didişməyə, ağıya, siyasi etikadan kənara çıxmalara üstünlük verirlər.
REAL Partiyası prinsiplərə uyğun gələnidir, digər müxalifət partiyalarının isə ona qarşı qısqanclığı mövcuddur deyə, başqa mövzular ortaya atırlar.
Yekun olaraq deyim ki, ümumi tabloda mütəriqqilik üçün meyarlara cavab verən partiyalar yoxdur”.
Azpost.info saytının rəhbəri Xaqani Səfəroğlu qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən partiyalar bəlli elektoratın rəyi ilə işlərini qururlar:
“Siyasi partiyaların gücü seçkilər zamanı məlum olur. Ölkəmizdə fəaliyyət göstərən tanınmış partiyaların bəlli elektoratı var və bu partiyalar da həmin elektoratın rəyi ilə işlərini qururlar.
Son illərdə iqtidar və müxalifət partiyaları arasında dialoq platformasının qurulması üçün yeni siyasət yürüdülür. Bu isə 90-cı illərdən bəri ölkədə mövcud olmuş ənənəvi siyasi münasibətləri dəyişdirmək xəttidir. Əksər müxalifət partiyaların 90-ların qarşılıqlı ittiham siyasətini hakimiyyətlə bir-birini dinləmək və dialoq mühiti əvəz edir. Odur ki, belə şərait tamam yeni şərtləri ortaya çıxarır. Partiyaların bundan sonrakı gücünü və siyasi həyatda yerini bu dialoqun ortaya qoyacağı şərtlər müəyyən edəcək”.