Gədəbəy rayon İcra Hakimiyyətinin həbsdəki sabiq başçısı Saleh Rüstəmlinin bir aydan çoxdur davam etdirdiyi aclıq aksiyasını bu gün dayandırdığı barədə xəbər yayılıb.
Modern.az-ın məlumatına görə, xəbəri sosial şəbəkədə müxalif hüquq müdafiəçisi, “Müdafiə xətti” təşkilatının üzvü Rüfət Səfəov ictimailəşdirib.
“Bunu həkim Adil Qeybulla indicə telefonda mənə söylədi. 10 dəqiqə öncə Saleh bəyin yanından çıxıb”,-deyə R.Səfərov qeyd edib.
Professor Adil Qeybulla isə deyib ki, Saleh Rüstəmli səhhətini, keçirdiyi aclığın uzunluğunu, xəstə qardaşının da aclıq etməsini və bu aclığın onun da səhhətinə təsirlərini nəzərə alaraq, təkidli xahişlərdən sonra aclığı dayandırıb.
Adil Qeybulla həmçinin bildirib ki, Saleh Rüstəmlinin müalicəsi ilə, reabilitasiyası ilə məşğuldur və onun səhhətinin yaxşılaşdırılması ilə bağlı proseslər davam edəcək.
"Komaya düşməsi xəbəri tamamilə yanlış məlumatdır. Saleh bəylə mən bu gün bir yerdə oturmuşuq, xeyli söhbət etmişik. Mənim yanımda aclığı dayandırıb, qida qəbul edib, qida qəbulunun necə aparılması ilə bağlı bütün tövsiyələr verilib. Onun orada qaldığı yer, şərait yaxşılaşdırılıb. Danışığı aydındır, özü də gəzir," - A.Qeybulla vurğulayıb.
Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.
O, qanunsuz həbs edildiyini bildirərək, 1 aydan çoxdur aclıq aksiyası keçirir.