Modern.az

Rauf Nağıyev - Tez-tez təhqirə məruz qalırıq

Rauf Nağıyev - Tez-tez təhqirə məruz qalırıq

Hadisə

30 Dekabr 2021, 10:16

“Gün ərzində daxil olan 2500-2700 arası çağırışın təxminən 50 faizdən çoxu təcili yardıma aidiyyəti olmayan müraciətlərdir. Bu da, təbii ki, bizə xeyli çətinlik yaradır”.

 

Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Rauf Nağıyev “Tibb qəzeti”nə müsahibəsində bildirib.
 

“Planlı xəstələr, yaxud diaqnozu təyin olunmayanlar diaqnozun təyini üçün, sadəcə, həkimdən məsləhət almaq üçün təcili yardım çağırırsa, bizim vaxtımızı almış olurlar. Nəticədə, biz əsas vəzifəmizin icrasında – hər hansı bir ağır xəstəyə vaxtında yardım etməkdə kecikirik. Ağır hallarda biz 15-20 dəqiqə ərzində ünvana çatmalıyıq, çünki qısa müddətdə müdaxilə etməsək, xəstənin vəziyyəti ağırlaşa və o, həyatını itirə bilər. Təbii ki, belə məqamda gecikmələr narazılıqlara səbəb olur.
Eyni sözləri koronavirusla bağlı hallara da aid etmək olar. Biz yaxmaları götürürük, bu işdə poliklinikalara kömək edirik. Ancaq yalnız ağır hallarda. Bilirik ki, vaxtında müayinə aparılıb COVİD, yaxud başqa bir respirator xəstəlik olduğu aşkarlanmasa, pasiyentin vəziyyəti ağırlaşa bilər. Bu zaman məsələyə ciddi yanaşırıq. Qalan hallar bilavasitə poliklinikanın funksiyasına aiddir”,-R.Nağıyev deyib.
 

Baş həkim təəssüf edir ki, vətəndaşlar poliklinikalara az müraciət edirlər.
 

“Çoxları ərazi poliklinikasının yerini bilmir. Bəzən isə ərazi poliklinikalarının həkimləri öz vəzifə borclarını yerinə yetirmək əvəzinə, xəstəyə təcili yardım çağırılmasını tövsiyə edirlər. Bakı şəhərində yaşayan əhalinin böyük bir hissəsi qeydiyyatsızdır, sahə həkimləri həmin vətəndaşları heç tanımırlar. Əksər vətəndaşlar ən adi halda da sahə həkiminə müraciət etmək, onunla əlaqə saxlamaq əvəzinə, təcili yardım çağırır ki, dövlət tərəfindən ayrılmış xidmətdir, gəlib yardım göstərsin. Gedib görürük ki, yüngülvari qızdırması var, yaxud azacıq təzyiqi qalxıb. Belələri düşünmürlər ki, hansısa bir ağır xəstənin haqqına girirlər. Çünki ağır xəstəyə vaxtında yardım göstərərək vəziyyətdən çıxardıb xəstəxanaya aparmaq o şəxsin həyatını xilas etmək deməkdir. Bu əsassız çağırışların yükümüzü ağırlaşdırması ilə yanaşı, buna görə təcili yardım haqsız yerə ikitərəfli günahkar olur: biri çağırır, lakin funksiyamıza daxil olmadığı üçün ona yardım etməyəndə narazı qalır, digəri də aidiyyəti olmayan xəstəyə vaxt itirib gecikdiyimiz üçün təcili yardımı məzəmmət edir”. 
 

Rauf Nağıyevin sözlərinə görə, Bakıda çox sayda müvəqqəti yaşayan insan var, əksəriyyəti də öz yaşadığı ünvanı bilmir.
 

“Elə yerlər də var ki, ümumiyyətlə, ünvan yoxdur, gecəqondulardır, nömrələnməyib. Qarşılayan olmasa, həmin ünvanları tapmaq çox çətindir. Belə hallarla tez-tez rastlaşırıq, bu da, təbii ki, vaxt itkisinə səbəb olur. Nəticədə, təcili yardım briqadası növbəti çağırış yerinə gecikir.
Onu da qeyd edim ki, Bakı şəhərində həddindən artıq çox insan məskunlaşıb. Paytaxtda qeydiyyatda olan əhali təxminən 2 milyon 300 min nəfərdir. Halbuki, əhalinin faktiki sayı bundan ikiqat çoxdur. Bu, əlbəttə ki, bizə problem yaradır. Təcili yardımda 139 briqada fəaliyyət göstərir. Fərz edək ki, eyni vaxtda 139 çağırış gəldi və briqadalar hamısı eyni vaxtda çağırışlara təhkim olundu. Bu zaman 140-cı çağırış avtomatik olaraq gecikəcək. Deməli, hansısa briqada boşalmalıdır ki, 140-cı çağırış icra olunsun. Bizim tibbi personalın isə sayı məhduddur, sonsuz deyil. Buna görə də bəzən çatdıra bilmirik.
Yeri gəlmişkən onu da vurğulayım ki, bir müddət öncə həkimlərimizin sayı ştat cədvəlində nəzərdə tutulandan az idi. Səhiyyə Nazirliyi tərəfindən dərhal tədbirlər görüldü və biz son bir neçə ay ərzində təqribən 80-dən çox həkim, eləcə də xeyli sayda orta tibb işçisini işə qəbul elədik. Bu da işimizi bir qədər yüngülləşdirdi. İndi nisbətən vəziyyətdən çıxmışıq”.
 

Baş həkim deyib ki, bəzənm təcili tibbi yardım briqadasının fiziki təzyiqə, təhqirə məruz qalması kimi hallar da yaşanır:
 

“Belə hallarla, demək olar ki, hər gün rastlaşırıq. Bəzən həkimlər xəstələrin vəziyyətini dərk eləyib bunu soyuqqanlılıqla qarşılayırlar, bəzən də məcbur olub polis orqanlarına müraciət edirik. Hətta elə də olur ki, özümüzü qorumaq üçün polis çağırıb çağırışa onlarla birlikdə gedirik. Bir sözlə, fiziki təzyiqə, təhqirə tez-tez məruz qalırıq. Necə deyərlər, yanan da biz, yaman da biz!

 

Biz mümkün qədər vətəndaşları anlayışla qarşılayırıq. Həkimlər çox humanist insanlardır, yaxın adamlarının ağır xəstə olduğunu nəzərə alıb, kobudluq edən vətəndaşları çox vaxt bağışlayırlar. Amma buna baxmayaraq, işçilərimizə qarşı zor tətbiq edildikdə polisə də müraciət edirik, məhkəməyə də. Həkimlərə qarşı qeyri-insani, qeyri-etik davranışlar yolverilməzdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu