Xəbər verdiyimiz kimi, ötən gün Şabran rayonunda ölümlə nəticələnən zəncirvari qəza baş verib.
Modern.az-ın məlumatına görə, Gəndob-Yalama yolunun Ağalıq kəndindən keçən hissəsində qeydə alınan qəza zamanı "TIR" markalı yük maşını üç minik avtomobili ilə toqquşub və daha sonra yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 1960-cı il təvəllüdlü Babayev Əli Hacıbala oğlu və 2014-cü il təvəllüdlü Quliyeva Həqiqət Kamil qızı ölüb. Qəzada xəsarət alan Xaçmaz rayon sakinləri Nuriyev Tural Əjdər oğlu, Babayeva Səlminaz Xudat qızı və Şabran rayon sakini Quliyev Akif Abdulmənna oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala əsasən, hadisə yük avtomobilinin sükanında yaranan texniki nasazlıq səbəbindən baş verib.
Modern.az-ın əldə etdiyi məlumata görə, Gəndob kənd sakini Həqiqət Quliyevanın qəzadan bir gün əvvəl doğum günü olub. Faciəli şəkildə həlak olan məktəbli qız 8 yaşını qeyd edib.
Bundan əlavə, qəza zamanı ağır xəsarətlər alan Səlminaz Babayevanın xəstəxanada dünyasını dəyişdiyi bildirilir. Onun həyat yoldaşı Əli Babayev isə hadisə yerində keçinib.
Hazırda faktla əlaqədar araşdırma aparılır.