Cinsi təcavüzə məruz qaldığı iddia olunan qızın bacısı Fatimənin sözlərinə görə, Rəşid onun bacısını izləyib və evdə tək olmasından istifadə edib:
“Avqust ayında mən göz həkiminə gedəndə bacım evdə tək qalıb. Su doldurmağa çıxanda qoca kişi onu izləyib, sonra həyətə daxil olub. Üzünə şillə vurub, saçını yolub, qolundan tutub evimizə aparıb, zorakılıq edib. Saçını yolub ki, heç kəsə deməsin. Deyib ki, səni öldürəcəm, asacam, kəsəcəm”.
Ailə qızın hamilə olmasını yanvar ayında öyrənib. Səhhətində dəyişiklik hiss edilən yeniyetmə xəstəxanaya aparılıb. Müayinə edilərkən onun hamilə olduğu üzə çıxıb.
Hazırda ailənin tək istəyi Rəşid Gözəlovun məsuliyyətə cəlb edilməsi və qızın bətnindəki körpənin götürülməsidir.
“Uşağının götürülməsini istəyirəm, çox xahiş edirəm, tezliklə bu iş olsun. Uşağım yata bilmir, dura bilmir. Səhərə qədər başı ağrıyır, yıxılır yerə. Deyir, ana, bu nədir, mənim başıma gəlib. Hələ bilmir ki, bu nədir qarnında. Deyir ki, ana, niyə qarnım şişdir?”, - qızın anası deyib.
Zorlamada ittiham olunan Rəşid Gözəlov isə deyilənlərin şər və böhtan olduğunu bildirib: “Onlar da, mən də məhkəməyə çıxacağıq”.
Qeyd edək ki, Gəncə şəhər Prokurorluğunun məlumatına görə, cinayət işi üzrə 17 yaşlı yeniyetməni hamilə buraxmaqda şübhəli bilinən 62 yaşlı Rəşid Gözəlov bu gün axşam saatlarında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda faktla əlaqədar araşdırma aparılır.