Xəbər verdiyimiz kimi aprelin 3-də Bakının mərkəzində, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış olub. Hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb. Rəsmi məlumatlara görə, hadisəyə səbəb qaz balonunun partlaması olub.
Klub rəsmiləri isə açıqlamalarında hadisənin təxribat olduğunu iddia ediblər.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Modern.az-a bildirib ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının da açıqlaması var:
“Yəni araşdırma gedir, ancaq elə bir fakt yoxdur. Burada əsas səbəb de-fakto təhlükəsizlik tədbirlərinə əməl edilməməsi, qaz balonlarından düzgün istifadə edilməməsi olub. İlkin rəy də, hüquq-mühafizə orqanları tərəfindən araşdırılan da budur”.
E. Nuraliyev bu cür propan qaz balonlarının belə böyük partlayışa səbəb ola biləcəyini vurğulayıb:
“O cür təhlükəli balonların da törətdiyi fəsad, təbii ki, belə böyük olmalı idi. Bu, birmənalıdır. "Balon qazının fəsadı belə böyük olmamalı idi" düşünənlər yanılır. Obyektin ərazisi partlayışın miqyasını bir növ azaldıb. Hətta açıq məkan olsa idi, partlayışın həcmi daha çox ola bilərdi. Ona görə də, təhlükəsizlik qaydalarına əməl etsələr, qaz balonlarının yerləşdirilməsi məsələsində bir az məsuliyyətli yanaşsalar, bu cür hadisələrdən yayına bilərlər”.
Ekspert iaşə obyektlərində qazdan istifadə ilə bağlı bunları bildirib:
“Qanuna görə iaşə obyektlərində qazdan istifadəyə təbii ki, icazə verilmir. Balonlardan istifadədə çox ehtiyatlı olmaq lazımdır. Onun daşınması, yenidən istifadəsi xüsusi diqqət tələb edir. Normativ standartlara uyğun olaraq isitmə sistemləri qurulmalıdır. Əks halda qaz balonları bütün ictimai iaşə obyektlərindən yığışdırılmalıdır”.