Aprelin 14-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində 1997-ci il təvəllüdlü Şaxanım Ələkbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir Şəhər Prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin keçmiş əri 1994-cü il təvəllüdlü Yasin Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Şaxanım Ələkbərovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Yasin Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.