Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında özünü yandıraraq intihara cəhd edən şəxs Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, reanimasiya şöbəsinə yerləşdirilən vətəndaş II-III dərəcəli ağır yanıq xəsarətləri alıb.
Xatırladaq ki, bu gün DİN-in binasının qarşısında orta yaşlı şəxs özünü yandırıb. Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar.
“Həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil”, - deyə məlumatda qeyd olunub.