Modern.az

Az miqdarda narkotikdən istifadə leqallaşdırılır? - DETALLAR

Az miqdarda narkotikdən istifadə leqallaşdırılır? - DETALLAR

Hadisə

3 May 2022, 15:00

Azərbaycanda az miqdarda narkotikdən istifadəyə görə cinayət məsuliyyəti ləğv olunur. İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik təklif edilib.

 

Hazırda qüvvədə olan Cinayət Məcəlləsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.

 

Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilməsi nəyə gətirib çıxara bilər? Ümumiyyətlə, az miqdarda deyəndə nə nəzərdə tutulur?

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı Arzu Nazğıyev əvvəlcə narkotik vasitələrin qanuni və qanunsuz dövriyyəsi məsələsinə aydınlıq gətirib:

 

“Qanuni dövriyyə dedikdə kiminsə həqiqətən ya psixotrop maddəyə, eyni zamanda, narkotik tərkibli dərmana ehtiyacı olduqda bunu gedib əczaxanadan reseptlə ala bilməsi və ondan istifadə edə bilməsi nəzərdə tutulur. Çünki həkim bunu xəstəliyinə görə yazıb. Narkotikin qanunsuz dövriyyəsi dedikdə, tək onu istifadə edənlər yox, həm də onu əkib-becərib, satmaq istəyənlər, eləcə də satanlar nəzərdə tutulur. Burada söhbət ağır narkotiklərin sərhəddən keçirilməsi, onun pərakəndə, topdansatışı ilə məşğul olan şəxslərdən gedir. Bu da istifadəçidən onu satana qədər böyük bir dairə yaradır”. 

 

 

A.Nağıyev Cinayət Məcəlləsində “az miqdarda narkotik” dedikdə nəyin nəzərdə tutulduğunu da izah edib:

 

“Hər narkotikin yüngül və ağır növləri var. Əgər kimsə bunu həyətində əkibsə, onun satışı ilə məşğul deyilsə, onda cinayətin tərkibi, müddəti azaldılır. Bundan əvvəl daha ağır cəza verirdilər. Yəni narkotiki şəxsi olaraq istifadə etməklə, onu sərhəddən keçirib, yayıb satan arasında fərq qoyulur”. 

 

Parlamentari narkotik vasitənin az miqdarda yayılmasının əleyhin olduğunu vurğulayıb.

 

“Çünki bu az istifadə böyük istifadəyə, o da daha böyük istifadəyə gətirib çıxarır. Nəticədə qarşısıalınmaz fəsadlarla üz-üzə qalırıq. Ancaq bəli, müəyyən qədər yüngülləşmələr var. Xaricdən gəlməyən az miqdarda yüngül otlardan istifadə edənlər də var. Bunlar təbii olaraq müalicə olunmalıdırlar. Buna görə də həmin şəxsləri müəyyən qədər cinayət məsuliyyətinə cəlb edəndən sonra məcburi olaraq müalicəyə göndərirlər. Yəni azalmalar bununla bağlıdır. Yoxsa, gedib narkotik vasitələri sərhəddən keçirsin, gətirib burada satsın, bunların cəzalandırılması ilə bağlı məsuliyyətin azaldılması nəzərdə tutulmur. Cəmiyyət üçün zərər törətməyən məsələlərdə ümumi güzəştlər ola bilər”, - deyə deputat əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu