"Gecə başımıza gələn hadisə haqda yazıb-yazmamaqla bağlı saatlardı tərəddüd eləyirəm. Çünki mən heç nəyə təəccüblənmirəm".
Modern.az xəbər verir ki, bunu dünən gecə yaşadığı binada boğazına bıçaq dirənərək ölümlə təhdid edilən jurnalist Aytən Məmmədovanın həyat yoldaşı Coşqun Eldaroğlu bildirib.
Jurnalist C.Eldaroğlu iddia edir ki, bütün gecəni onlarla ayrıca söhbətləşən polis əməkdaşları hadisənin miqyasını kiçiltməyə çalışır:
"Evə ilk ayaq basan tədqiqatçı hətta ona işarə vururdu ki, siz xüsusi təhdid olunacaq qədər vacib adamlar deyilsiz. Halbuki, hücum xırda detallarına qədər planlaşdırılıb. Dəqiq əmin olublar ki, Coşqun və Gülər evdədi, Aytən qonaqlıqdan hələ gəlməyib. Aytən bloka daxil olan kimi həmin şəxs arxasınca gəlib. Belə görünür ki, nə vaxt evə çatacağı ilə bağlı məlumatlı olublar. Çünki Aytən evə nadir hallarda gec saatlarda qayıdır. Blokun işığı əvvəlcədən sıradan çıxarılıb".
C.Eldaroğlunun sözlərinə görə, liftə Aytənlə birlikdə daxil olan şəxs peşəkar təsir bağışlayıb:
"Qapı bağlanan kimi onu boğmağa başlayıb, iki dəfə çənəsinin altına bıçaq yeridib. Əliyalın olmayıb, böyük ehtimalla əlcək taxıbmış. Aytəni qızımın həyatına son verməklə hədələyib. Filmlərdə gördüyünüz planlaşdırılmış cinayət hadisəsi. Lap o qədər sadəlövh deyilik. Mən bu ölkədə yaşamaq istəyirəm. Mən bu ölkədə ailəmlə təhlükəsiz həyat sürmək istəyirəm. Mən qızımın taleyi ilə bağlı böyük nigaranlıqda qalmaq istəmirəm".