Modern.az

Kişi qadın paltarı geyinib soyğunçuluq etdi

Kişi qadın paltarı geyinib soyğunçuluq etdi

Hadisə

10 May 2022, 13:46

Xızıda qadın paltarı geyinib soyğunçuluq edən kişi və digər dəstə üzvləri saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinə Sitalçay kəndində “Opel” markalı bir avtomobilin sürücüsü və sərnişinlər tərəfindən vətəndaşı bıçaqla hədələnib 290 manatının alınması barədə müraciət daxil olub. Quldurluğu törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gədəbəy rayon sakini Vəzir İsmayılov eləcə də, sərnişinləri Oğuz rayon sakini Anar Salahov və Sabirabad rayon sakini İltifat Cəfərov müəyyən edilərək saxlanılıblar.

 

Məlum olub ki, Anar Salahov qadın geyimlərindən və parikdən istifadə etməklə xarici görünüşünü dəyişərək hərəkətdə olan avtomobilləri saxladıb. Daha sonra isə qrupun digər üzvləri soyğunçuluq əməlini törədiblər. Saxlanılan şəxslər bundan əvvəl də eyni əməli törətdiklərini etiraf ediblər.

 

Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Adları sadalanan şəxslərdən zərər çəkmiş şəxslər DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 226-54-54 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!