Modern.az

Şəmsi Səmədzadə dəfələrlə əfv üçün müraciət edibmiş - RƏSMİ

Şəmsi Səmədzadə dəfələrlə əfv üçün müraciət edibmiş - RƏSMİ

Hadisə

30 May 2022, 14:16

“Əfv Komissiyasının üzvləri olaraq bizim üçün məhkumlara münasibətdə vahid yanaşma mütləqdir”.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

 

Azərbaycanda ilk dəfə ömürlük məhbusun həbsxanadan birbaşa azadlığa buraxılmasından söz açan hüquq müdafiəçisi beynəlxalq təcrübədə belə halların mövcud olduğunu söyləyib. Eyni zamanda o, iş adamı Şəmsi Səmədzadənin dəfələrlə əfv üçün müraciət etdiyini bildirib.

 

“O, əfv sərəncamında adı olan yeganə ömürlük məhbus idi. Biz məhkumların müraciətlərinə baxanda açıqladığımız konkret kriteriyaları əsas götürürük. Şəmsi Səmədzadə 22 ildir ki, həbsdə idi, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. O özü və yaxınları dəfələrlə müraciət etmişdilər ki, əfvə düşsün. Hüquq müdafiəçilərinin vasitəsilə də bizə müraciətləri gəlmişdi. O, bu dəfə ölkə başçısı tərəfindən bağışlandı.

 

Ölkə başçısı hər zaman mərhəmət, şəfqət, humanizm prinsipləri ilə çıxış edir. Bu dəfə 213 məhkum əfv edildi və onlardan 167-si azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad olundu. Xeyli məhkumun qalan cəzası yarıbayarı azaldılıb. Bəzi şəxslər şərti olaraq azadlıqdan məhrum ediliblər. Onlar arasında müəyyən cinayətlər törədən şəxslər də var. Əsas məsələ odur ki, bu əfv sərəncamı cəmiyyət tərəfindən müsbət qarşılandı”, - deyə Komissiya üzvü vurğulayıb.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin 28 May Müstəqillik Günü ilə bağlı imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamda ömürlük həbs cəzasına məhkum olunmuş keçmiş sahibkar Şəmsi Səmədzadənin adı da yer alıb.

 

O, 23 ilə yaxın Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustandakı qapalı tipli həbsxanasında cəza çəkib.

 

Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.

 

Qeyd edək ki, o müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış iş adamı olub.

 

Bəzi iddialara görə, Şəmsi Səmədzadə sabiq Baş prokuror Zakir Qaralovun sifarişi ilə həbs olunmuşdu. Əfv olunan iş adamı həbsdən çıxdıqdan sonra mətbuata açıqlamasında bu iddiaların doğru olduğunu bildirib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir