2014-cü ildə erməni hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürülərək öldürülən Cəbrayıl rayon sakini Həsən Həsənovun atası Fərman Həsənov vəfat edib.
Bu barədə Modern.az-a mərhumun yaxınları bildiriblər.
Fərman Həsənov doğulduğu Cəbrayılın Mehdili kəndinə qayıdıb yaşamaq arzusunu özü ilə apardı.
Xatırladaq ki, Həsən Həsənov 2014-cü ilin iyulunda Dilqəm Əsgərov və Şahbaz Quliyevlə Kəlbəcərə gedib. O bu səfər zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən kəlbəcərli dostlarını müşayiət edib. Lakin Ermənistan silahlı qüvvələri onları girov götürüblər. Girov götürülən zaman ermənilər Həsən Həsənovu güllələyərək, öldürüblər. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixdə düşmən tərəfdən alınıb. Şəhid Bakıda dəfn edilib.
Ermənilərin Qarabağda həmvətənlərimiz üzərində qurduğu qondarma “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Vətən müharibəsindəki qələbədən və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. 2020-ci ilin dekabr ayında Şahbaz Quliyev və Dilqəm Əsgərov girovluqdan azad edilərək Bakıya gətirilib.
A.Qorxmaz