Modern.az

Kliniki Tibbi Mərkəzdə xəstə yeməyi: menyuda bunlar var - SİYAHI

Kliniki Tibbi Mərkəzdə xəstə yeməyi: menyuda bunlar var - SİYAHI

Hadisə

23 Avqust 2022, 12:09

Kliniki Tibbi Mərkəzdə (“Semaşko” xəstəxanası) xəstələrin yanına yemək gətirilməsinə qəti ehtiyac yoxdur.

Modern.az-ın məlumatına görə, bunu Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu bildirib. Onun sözlərinə görə, Kliniki Tibbi Mərkəzdə (KTM) müalicə alan pasiyentlər keyfiyyətli qida ilə təmin olunur.

“Mərkəzdə beynəlxalq standartlara uyğun tərtib olunmuş müxtəlif adda “pəhriz stolları” xəstələrə təyin edilmiş diaqnozlara uyğun və hər kəsə individual olaraq hazırlanır. Bu yeməklər Mərkəzin yeməkxanasında hər gün, gündə üç dəfə olmaqla xəstələrin sayına əsasən müxtəlif çeşidlərdə hazırlanır, xüsusi maşınlarla korpuslara və ya şöbələrə daşınır, burada isə son qablaşdırma işləri aparılaraq, palatalara paylanılır.


Yeməklər Mərkəzin bütün şöbələrinə steril qaydada, xüsusi termobokslarda çatdırılır. Hər gün təzə tərəvəzlərdən və keyfiyyətli ərzaqlardan hazırlanan yeməklərdən nümunə götürülür və hər hansı bir zəhərlənmə ehtimalına qarşı bu nümunə 72 saat ərzində saxlanılır. Nümunənin üzərində yeməyi bişirən şəxsin adı və tarix qeyd edilir”.

E.Hidayətoğlu deyib ki, Mərkəzdə qidaların keyfiyyətinə və göstəricilərinə nəzarət edən Həkim-dietoloq var. O, burada hər gün 600 nəfərə yaxın xəstənin yeməklə təmin olundiğunu söyləyib.

Mətbuat katibi KTM-nin Həkim-dietoloqu Bahar Məmmədzadədən sitat gətirib:

“Yeməkxanamızda gündəlik olaraq menyu tərtib olunur və “pəhriz stolları”nın şərtlərinə əsasən yeməklər bir neçə çeşiddə hazırlanır. Burada 15 pəhriz stolu var. Gündəlik menyu “pəhriz stolları”ndan kənara çıxa bilməz. Çünki bəzi şöbələrin xəstələrinə duzlu və ya qızarmış qidaların verilməsi tövsiyə edilmir. Bundan başqa şəkər xəstələrinə ağ çörək, kartof və digər məhsullar olmaz. Uşaq nefrologiyası şöbəsində olan xəstələrin yeməyi isə tamamilə duzsuz hazırlanır. Çünki onlara duz qəti şəkildə olmaz. Həmçinin əməliyyat olunan xəstələrə bulyon və çiy yumurta verilir. İlk günlər onların hazır qida qəbul etməsinə icazə verilmir.

 

Səhər yeməyində adətən xəstələrə kəsmik, pendir, yağ, cem, yumurta, sıyıq, yulaf verilir. Nahar vaxtı isə xəstələrə iki növ yemək verilir. Nahar menyusunda adətən aş, səbzi, qarabaşaq, toyuq supu, borş, dovğa və digər yeməklər olur. Qış aylarında şam yeməyində xəstələrə adətən balıq verilir. Çünki balıq nisbətən tez həzm olunur və bütün xəstələr rahatlıqla yeyə bilir. Yay aylarında isə balıq bir o qədər də tövsiyə edilmir. İsti aylarda şam yeməyində bulqur, qarabaşaq, makaron və tərəvəzli ət verilir”.

 

E.Hidayətoğlu bildirib ki, hazırda Mərkəzin yeməkxanasında növbəli qrafiklə 21 işçi çalışır. İstifadə olunan ərzaq və digər məhsulların son istifadə tarixinə və təzəliyinə peşəkar heyət tərəfindən daim nəzarət olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər