Bəzi media səhifələrində Milli Məclisin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq deputatı Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun azadlığa buraxılması ilə bağlı informasiyalar yayılıb.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanaraq istintaqının aparılması üçün Nərimanov rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilmiş iş üzrə Elşən Cəbrayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı Apellyasiya Məhkəməsinin 22.04.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
23.07.2022-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə Elşən Cəbrayılov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Xatırladaq ki, Elşən Cəbrayılov Nərimanov Rayon Pollis İdarəsi tərəfindən həbs olunmuşdu. Onun Vətən müharibəsi iştirakçısı da daxil olmaqla bir neçə nəfərə qarşı dələduzluq etdiyi iddia olunub.
Elşən Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət əməli törətməkdə şübhəli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, Elşən Cəbrayılovun qardaşı Rafael Cəbrayılovun işi ilə bağlı da cinayət məsuliyyətinə cəlb olunması tələb olunub. Rafael Cəbrayılovun hüquqi varisi olan həyat yoldaşı və iş üzrə zərərçəkmiş şəxslər bununla bağlı məhkəməyə müraciət ediblər. Nərimanov Rayon Məhkəməsi isə şikayəti əsassız hesab edərək rədd edib.