Modern.az

Kişilər niyə qadınlardan tez ölür - SƏBƏBLƏR

Kişilər niyə qadınlardan tez ölür - SƏBƏBLƏR

Hadisə

1 Oktyabr 2022, 09:45

Azərbaycanda qadınlar kişilərdən daha uzunömürlüdür. Rəsmi statistikaya əsasən, ötən il kişilərdə orta ömür uzunluğu 71.3, qadınlarda isə 75.9 olub. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən də göründüyü kimi, ölkəmizdə qadınlar kişilədən çox yaşayırlar.

 

Bəs, qadınların kişilərə nisbətdə uzunömürlü olmağının səbəbləri nədir? 

 

Bu barədə Modern.az-a danışan tanınmış psixoloq Elnur Rütəmovun sözlərinə görə, qadınların daha uzunömürlü olmasının həm fizioloji, həm də psixoloji səbəbləri var:

 

 

“Fizioloji səbəblər psixoloji nəticələrə də təsir edir. Psixoloji məqamlar var ki, onlar kişilərdə ömrün qısalmasına təsir göstərir. Statistikaya nəzər salsaq görərik ki, kişilər daha çox stress faktorundan və ürək-damar xəstəliyindən vəfat edirlər. Əgər qadınlarda bir narahatlıq olarsa, bunu yaxınları, doğmaları ilə bölüşüb, psixoloji gərginlikdən qurtula bilirlər. Kişilərdə isə gərginlik, narahatlıq olan zaman bunu paylaşa bilmirlər və ya az paylaşırlar. Problemi özləri həll etməyə çalışdıqlarından dolayı bəzən psixoloji gərginlik, narahatlıq və kəskin stress pozuntusu yaşayırlar. Bu da kişilərdə müxtəlif xəstəliklər və ölümlə nəticələnir. Psixoloji faktorları qabardırıqsa, kişilərdə zərərli vərdişlər qadınlara nisbətən daha çoxdur. Kişilərdə tənhalıq duyğusu qadınlara nəzərən yüksəkdir. Hər hansı problemə yanaşma şəkli də fərqlidir. Kişilər daha çox fikirləşir, bu da onların uzunömrlü olmasının qarşısını alır”.

 

E.Rüstəmov onu da deyib ki, bu gün həkimə və psixoloqa daha çox qadınlar müraciət edir:

 

“Qadın problemi görürsə, paralel olaraq həll yolu da axtarır. Kişilər öz sağlamlıqlarına qarşı qadınlara nisbətən biganə olurlar. Şübhəsiz ki, bunu hamıya şamil etmirəm, ancaq böyük nisbətdə bunu müşahidə edirik”.

 

 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə qeyd edib ki, qadınlar övladları və gələcək üçün özlərini psixloji olaraq gücləndirə bilirlər:

 

“Əslində Azərbaycan qadını çox əziyyət çəkir, amma görünməyən bir güc var ki, onları ayaqda saxlayır. Gələcək qayğısı qadınları daha güclü edir və ömürlərini uzatmağa gətirib çıxarır. Qidalanma da əsas məsələlərdən biridir. Qadınlar daha düzgün qidalanır, kişilər isə harada gəldi qidalanırlar. Bu da uzunömürlüyə təsir edən amillərdəndir. Kişilərin hisslərini gizli saxlaması ən əsas amillər sırasındadır. Biz də “qanun” var ki, kişilər ağlamaz, çətinliklərini bildirməz, bu da uzunömürlüyə təsirini göstərir. Daxili mübarizə və gərginlik sağlamlığa təsirsiz ötüşmür. Kişilər hər hansı zərərli vərdişlə stress atmağa çalışırlar, beləliklə, sağlamlıqlarına iki qat zərər verirlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...