Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova işdən çıxarılıb.
TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsi faktı təsdiqləyib.
Medianın bu xəbəri tirajlamasının səbəbi Mehriban Qaralovanın sabiq Baş prokuror Zakir Qaralovun əmisi qızı (mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızı) olmasıdır.
Yeri gəlmişkən, Mehriban Qaralovanın Abşeronda məşhurlaşması onun təkcə Zakir Qaralovun əmisi qızı olması ilə bağlı deyildi. Qaralova həm də qalmaqallı məmur kimi tanınınmışdı.
Modern.az xatırladır ki, Mehriban Qaralova ötən ilin sentyabrında etdiyi bir hərəkətlə ictimaiyyətin qəzəbinə, sosial şəbəkələrin qınağına tuş gəlmişdi.
Belə ki, o, həmin vaxt Azərbaycan xalqını 30 illik məğlub durumdan qurtaran, tariximizə Zəfər gününü yazdıran Vətən müharibəsi şəhidlərinin Anım günündə xoşagəlməz iş tutmuşdu.
27 sentyabr 2021-ci da tarixində düzənlənən Anım tədbirinə qatılan M.Qaralova al qırmızı geyinməklə hamını təəccübləndirmişdi. Onun həmin geyimdə çəkilmiş fotoları sosial şəbəkələrdə paylaşılmış, nəticədə müzakirə mövzusuna və qınaq obyektinə çevirilmişdi.
Yayılan şəkillərdən görünürdü ki, Mehriban Qaralovanın təkcə paltarı deyil, ayaqqabısı, hətta maskası da qırmızı rəngdə idi.
O zaman sosial şəbəkə istifadəçiləri Mehriban Qaralovanın Anım gününə başdan-ayağa al qırmızı geyimdə gəlməsini şəhidlərə hörmətsizlik kimi qiymətləndirmiş, ondan üzr istəməyi tələb etmişdilər.