Modern.az

Bir ailənin 4 üzvünün qətli ilə bağlı yeni DETALLAR

Bir ailənin 4 üzvünün qətli ilə bağlı yeni DETALLAR

5 Dekabr 2022, 12:54

Xəbər verdiyimiz kimi, dekabrın 2-də Beyləqan rayonunun Tatalılar kəndində bir ailənin 4 üzvü qətlə yetirilib. Həmin gün kənd sakini, 27 yaşlı Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

 

Belə ki, F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək amansız cinayətə əl atıb.

 

Hadisə ilə bağlı Modern.az-a danışan Tatalılar bələdiyyə sədri Nurəddin Həsənalıyevin sözlərinə görə, belə hadisənin nə zamansa baş verəcəyi gözlənilən idi. Onun sözlərinə görə, hazırda kənddə vəziyyət polis nəzarəti altındadır:

 

“Təəssüf, ağır cinayət oldu. Sözün düzü, bu cür hadisənin baş verməsi əslində gözlənilən idi, çünki ailələr arasında illərdir ki, ədavət hökm sürürdü. Biz dəfələrlə kənd camaatı ilə birgə yığışıb bu söz-söhbətə son qoymağa çalışsaq da, nəticəsiz olurdu. Fuadın atasına Nadir Quliyevi yaba ilə yaraladığına görə, 10 ildən çox iş verilmişdi. 6 ildən sonra azadlığa çıxdı. Bundan sonra yenə də ailələrin söz-söhbəti bitmədi, ədavət apardılar, biz onları barışdıra bilmədik”.

 

 

Bələdiyyə sədri kənd sakinlərinin Quliyevlər ailəsinin dəfnində iştirak etmədiyini bildirib:

 

“Öldürülən şəxslər Cəlilzadə ailəsi ilə düşmənçiliyi davam etdirirdi, onları dava-dalaşa təhrik edirdilər. Bir toyuğun başını kəsməyə adamın ürəyi gəlmir, o ki, qaldı bir ailəni güllələməyə. Cəlilzadə ailəsi təhlükəsizlik baxımından kənddən uzaqlaşdırılıb. Baş verə biləcək insidentin qarşısını almaq üçün kəndə polis əməkdaşları cəlb olunur, onlar hər şeyi nəzarətdə saxlayırlar”.

 

“Ailənin 2 oğlu Bakıda fəhlə işləyirdi. Bu hadisədən sonra kəndə qayıtdılar. Onların və dayılarının razılığı ilə Tərgül Quliyeva və oğlanları qonşu Eyvazalılar kəndində dəfn olundu, Nadir Quliyev isə öz kəndində torpağa tapşırılıb”, - Nurəddin Həsənalıyev söyləyib.

 

Qeyd edək ki, bir ailənin 4 üzvünü qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu