Başa çatmaqda olan bu ildə Azərbaycanın müxtəlif sahələrinə aid xeyli tanınmış sima dünyasını dəyişdi.
Aralarında xəstəlik səbəbindən vəfat edənlər də var, qəzaya düşüb ölənlər də.
Modern.az saytı 2022-ci ildə vəfat edən tanınmışların siyahısını təqdim edir.
2022-ci ildə qəfildən dünyasını dəyişən məşhurlardan biri müğənni və bəstəkar Rəhim Rəhimli oldu. 45 yaşlı sənətçi bu ilin 30 sentyabrında yaşadığı evdə ürəktutmasından vəfat etdi. Rəhim Rəhimli 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” kanalının direktoru işləyib. O, Bülbülə qəbiristanlığında dəfn olundu.
Bu il vəfat edən (9 oktyabrda) məşhurlardan biri də Əməkdar artist Ruhəngiz Qasımovadır. 82 yaşlı bəstəkar Honkonqda yaşayan qızının evində qonaq olarkən dünyasını dəyişib. Əməkdar artist uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. O, Yasamal qəbiristanlığında dəfn olundu.
Sənət dünyasına üz verən itkilərdən biri də müğənni-aktrisa Firəngiz Rəhimbəyovanın ölümü oldu. Aktrisa “Bəxt üzüyü” filmində Seda obrazı ilə yaddaşlarda qalmışdı. O, da ölkədən kənarda vəfat edənlər sırasındadır. ABŞ-da yaşayan Firəngiz Rəhimbəyova 62 yaşında ürəktutmasından vəfat edib. O, 1993-cü ildə ABŞ-ın Los-Anceles şəhərinə köçmüşdü.
Azərbaycan Respublikasının 1-ci prezidenti Ayaz Mütəllibov bu il vəfat edənlər sırasındadır. 84 yaşlı sabiq prezident martın 27-də xəstəlik səbəbindən dünyadan köçüb. O, 1990-cı il may ayının 18-də Azərbaycanın ilk prezidenti seçilib. 1992-2012-ci illərdə Moskvada yaşayıb, 2012-ci ildə yenidən Azərbaycana qayıdıb.
Sabiq prezident Birinci Fəxri Xiyabanda dəfn olunub.
Xalq artisti Əlibaba Məmmədov bu ilin 5 fevralında dünyasını dəyişib. Uzun illər Azərbaycan muğam sənətinə töhfə verən qocaman xanəndə "Şöhrət", "İstiqlal" və "Şərəf" ordeni ilə təltif olunmuşdu. O, 92 yaşında vəfat edib.
Xalq yazıçısı, ssenarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyov da 2022-ci ildə bu dünya ilə vidalaşdı. O, xərçəng xəstəliyi səbəbindən 83 yaşında Moskvada vəfat edib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, Rus-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisi olub. 15 pyesi dünyanın 100-dən çox ölkəsində tamaşaya qoyulub. Kinematoqrafçılar İttifaqının mərhum sədri Birinci Fəxri Xiyabanda dəfn olunub.
Bu il vəfat edən tanınmışlar arasında Əməkdar artist, aktyor Novruz Qartalı da qeyd etmək olar. Aktyor 74 yaşında xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib. “Şirbalanın məhəbbəti”, “Gülüş sanatoriyası”, “Qəzəlxan” kimi filmlərdə rol alan Əməkdar artist 8 yanvarda “İmamzadə” ziyarətgah qəbiristanlığında dəfn olunub.
Tanınmış ginekoloq Xalidə Kəngərli bu il iyunun 27-də özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar edib. 38 yaşlı Xalidə Kəngərli “Kəpəz Hospitalında” çalışırdı.
Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov da bu il vəfat edənlərdəndir. Sabiq nazir noyabrın 3-də Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, 58 yaşında ürək çatışmazlığından vəfat edib. Fazil Məmmədov 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb. Bundan əvvəl isə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi vəzifəsində işləyib. Sabiq nazir Yasamal qəbiristanlığında dəfn olunub.
Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev bu ilin 26 oktyabrında dünyasını dəyişib. O, 72 yaşında onkoloji xəstəlik səbəbindən ölüb. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərib. Maşallah Abdulalyev 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb, 1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı işləyib. Mərhum Goranboy şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) vəfatı da Azərbaycan incəsənətinə üz verən ağır itkilərdən oldu. O uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib, vəfat səbəbi də budur. Xəstəlik səbəbindən onun ayaq barmaqları amputasiya olunmuşdu. Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik xanəndə idi. 1964-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb, xalq çalğı alətləri ansamblları ilə çalışıb. Mərhum Müşfiqabad qəbiristanlığında dəfn olunub.
Milli Məclisin sabiq deputatı, fizika-riyaziyyat elmləri doktoru, akademik Eldar Salayev də bu ilin 21 iyununda vəfat edib. O, 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olub. Akademik 420 elmi əsərin, 88 ixtiranın və patentin, 4 monoqrafiyanın müəllifidir. Eldar Salayev II Fəxri xiyabanda dəfn olunub.
Xalq artisti Zülfüqar Abbasov 82 yaşında uzun sürən xəstəlik səbəbindən aprelin 1-də vəfat edib. Mingəçevir Dövlət Dram Teatrı, Qazax teatrlarında baş rejissor, direktor və bədii rəhbər kimi çalışıb. “Ölülər” (C.Məmmədquluzadə), “Almaz”, “Solğun çiçəklər” (C.Cabbarlı), “Vaqif” (S.Vurğun), “Ayrılmaq anı” (M.Baycıyev) və s. əsərləri tamaşaya qoyub.
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Aydın Məmmədov da bu il vəfat edənlər arasındadır. Sabiq icra başçısı 90 yaşında noyabrın 1-də dünyasını dəyişib. O, 1971-1981-ci illərdə Bakının meri olub. Aydın Məmmədovun Bakı şəhərinə rəhbərlik etdiyi dövrdə tikinti-quruculuq işləri aparılıb, bir sıra yaşayış massivləri, metrostansiyalar, məktəblər, tibb ocaqları, mədəniyyət sarayları tikilərək istifadəyə verilib.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə oktyabrın 6-da dünyasını dəyişib. O, 71 yaşında onkoloji xəstəlikdən ölüb. 1991-ci ildə Azərbaycan Respublikasının "Respublika Müdafiə Şurası"nın üzvü olub. V Çağırış Milli Məclisin deputatı idi. Sabiq deputat Yasamal qəbiristanlığında dəfn olunub.
“Təbrizin sehrli nağılları” kitabının müəllifi Cəmilə Həsənzadə də bu ilin 27 avqustunda fani dünyaya əlvida deyib. Ölüm səbəbi isə insult keçirməyidir. O, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, professoru olub. Müəllifi olduğu “Təbrizin sehrli nağılları” kitabı İsrail və İran arasında diplomatik gərginliyə səbəb olmuşdu.
Tanınmış jurnalist Araz Zeynalov da 2022-ci ildə vəfat edən tanınmışlar arasındadır. O, uzun müddət idi ki, ürək xəstəliyindən əziyyət çəkirdi. Mərhum jurnalist "Azərbaycan gəncləri", "Panorama", "Kaspiy" qəzetlərində, “Vesti.az” saytında çalışıb.
Milli Arxiv İdarəsinin sabiq rəisi Ataxan Paşayev bu ilin 4 avqustunda dünyasını dəyişib. Tarix elmləri doktoru 84 yaşında vəfat edib. 1966-1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982-1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləyib. 1984-cü ildən 2018-ci ilə qədər Milli Arxiv İdarəsinin rəisi olub. “Şöhrət” ordeni ilə təltif olunub.
Əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı Ənvər Çingizoğlu 2022-ci ilin 10 iyulunda vəfat edib. 60 yaşında vəfat edən publisist Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub. O, folklor nümunələrinin toplanması və nəşri üçün 30 il əziyət çəkib.
Azərbaycanın Xalq artisti, aktyor Vaqif Əsədov da bu il vəfat edən tanınmışlar sırasındadır. Aktyor mayın 19-da 75 yaşında dünyasını dəyişib. 1978-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 2006-cı ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülüb.
Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov bu ilin 19 mayında vəfat edib. Direktor ağır yol hadisəsi zamanı faciəvi şəkildə dünyasını dəyişib. 1996-cı ildən Dendrologiya İnstitutunda direktor vəzifəsində çalışıb. 2015-ci ildə Prezident İlham Əliyevin sərancamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdü.