Nəriman Qasımoğlu
20 yanvar şəhidlərinə hadisədən sonra deyil, yanvarın 17-də rəhmət oxudum...
Bəli, təəccüblənməyin. Olduğu kimi yazıram.
Artıq sovetlərin xalqımıza qarşı kütləvi cəza tədbirinə hazırlaşdığı məlum olurdu.
Əvvəl-əvvəl diqqətimi Bakı küçələrinin divarlarına həkk edilmiş, adi göz üçün anlamsız görünən, fərqli rəqəmlərin də olduğu şifrəli işarələr çəlb etmişdi. Müşahidələrimi yaxınlarımla bölüşmüşdüm. Həmin şifrələr küçə divarlarının uşaq əli çatmayan hündürlüklü yerlərində xeyli səliqəli xətlərlə cızılmışdı. Bunları Bakıda fəaliyyətdə olan hansısa operativ bir qrupun əməliyyat planlarına dair işarələr kimi dəyərləndirmişdik. Xeyli sonradan şəhərimizdə Moskva təhlükəsizlik xidmətinə aid Alfa qrupunun təxribatları aşkarlananda şifrəli işarələrin həmin qrupun işi olduğu qənaətinə gəlmişdik.
Neçə gün öncə isə yaşadığım ünvana gedərkən fontanlar bağından, erməni kilsəsinin yanından ötərkən gördüklərimdən anladım ki, vəziyyətə yerli hakimiyyət orqanları deyil, hansısa təxribat qrupu nəzarət edir: kilsə atrafında yanğınsöndürən maşın dayanmış, maşının kranında özünə rahatlıqla yer eləmiş 13-14 yaşlı bir uşaq əlində çəkic kilsənin çöl təfərdən yuxarısındakı xaçlardan birini sındırmaqla məşğul idi, ətrafa toplanan camaat isə bu mənzərəni dəhşətlə seyr edir, baş verəndən narazı görünür, çaş-başdır, amma adamların üz-gözündən qorxu da yağır, hiss edirəm oraya yığışan zavallı, ayıq seyrçilər də fərqindədir ki, bu xuliqanlıq hansısa nüfuzlu təxribatçıların apardığı əməliyyatdır…
Bundan əvvəl və sonra da indi təfərrüatlarına varmaq istəmədiyim məlum hadisələr baş vermişdi və həmin əhvalatların ölkədə qanlı hadisələrin törədilməsinə ideoloji hazırlıq və bəhanə qəbilindən Moskva ssenarisinin tərkib hissəsi olduğunu düşünürdük.
O ərəfədə hadisələri mərhum Aydın Məmmədovla müzakirə edirdik. Onun sədri olduğu Azərbaycan Tərcümə Mərkəzində şöbə müdiri idim.
Məndən kütləvi tədbirləri keçirənlərin bəlli lideri ilə şəxsi münasibətim barədə soruşdu və xahiş etdi onunla görüşüm, baş verəcək qanlı faciənin az itki ilə də olsa, qarşısını almaq üçün onu yola gətirim, Moskvanın ssenarisində nəzərdə tutulanları maksimum azaltmaq üçün şəhərdə mənasızcasına qurulan barrikadaları söksünlər. Aydın müəllimə dedim, onunla tanışlığım yoxdur, görüşə bilmərəm. Söhbətimizi dinləyən, “Xəzər” jurnalının məsul katibi, rəssam dostum Şahlar Abdullayev (ötən il “korona” onu da dünyamızdan ayırdı) dedi “bir yerdə gedərik, mənimlə yaxınlığı var, səni tanış edərəm, başına ağıl qoyarsan”.
Etiraz etmədim. Yollandıq əvvəllər leytenant Şmidt, sonralar Səttarxan adını daşıyan zavoda. Kimliyimizi təqdim edib görüş istədik. Dedilər “bəy məşğuldur, sizi onun köməkçisi qəbul edər”.
Köməkçisi gəldi. Nə illah çalışdımsa izah edim ki, bütün radikal addımlar Moskvanın ssenarisi daxilindədir, barrikadaları sökün-filan, planlarının qəti olduğunu bildirdi: başlatdıqları hərəkatın, qurulan barrikadaların da əsas məqsədi respublika rəhbərliyini “aparatın süpürgəçisinədək” (ifadə həmin şəxsə məxsusdur) istefaya göndərməkdir. Görəndə ki, söhbəti davam etdirməyin heç bir mənası yoxdur, dedim “oldu, sağ ol, biz gedək”.
Şahlarla pərişan-pərişan qapıdan çıxan kimi heç bilmədim dilimdən də bu ifadə necə çıxdı: “Allah rəhmət eləsin şəhidlərə”. Bu, vəhy deyildi, bəs nə idi, görəsən?
Həmin zavodda yanvarın 17-sindəki söhbətimizi, sonra dilimdən qəfil çıxan o ifadəni Şahlar xatirəsində yaşadırdı, 20 yanvar faciəsindən söz düşəndə bunları dostlarına xatırladırdı... Allah sənə də rəhmət eləsin, əzizim Şahlar.