Bu yaxınlarda İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələ nəticəsində evsiz qalan minlərlə azərbaycanlı molla rejiminin qeyri-insani rəftarı ilə üzləşib. Küçələrdə gecələyən soydaşlarımz İranın rəsmi qurumlarından kömək istəsə də, yerli hakimiyyət onları üzləşdikləri çətin vəziyyətdən xilas etmək üçün heç bir iş görməyib, bu azmış kimi azərbaycanlılara yardımların göndərilməsini əngəlləyib.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (CAMAC) İdarə Heyətinin üzvü, siyasi şərhçi Sadiq İsabəyli Modenr.az-a açıqlamasında bildirib ki, Xoy şəhərində baş vermiş zəlzələdən sonra ortaya çıxan acınacaqlı durum İranın əsl simasını göstərir.
Hazırda minlərlə soydaşımızın küçələrdə ac-susuz qaldığını deyən güneyli fəalın sözlərinə görə, fars rejimi öz vətəndaşlarına düşmən mövqe bəsləyir:
“Zəlzələdən sonra çox çətin vəziyyət yaranıb. İnsanlar qarlı, şaxtalı havada küçələrdə qalıblar. Bir sıra kəndlərdə evlər tamamilə dağılıb. Həmin ərazilərdə yaşayış mümkün deyil. Ancaq İran rejimi soydaşlarımıza yardım etmir. Sadəcə bəzi kasmetik işlər görülür. Bunu da videoya çəkib paylaşırlar. Ancaq milli fəallardan gələn həqiqi məlumatlar bunun tam əksini göstərir. Biz bir dəfə də belə hadisənin şahidi olmuşuq. Qaradağ bölgəsində zəlzələ olmuş, evlər dağılmışdı. Evini, yaxınlarını, mal-qarasını itirənlər olmuşdu. Lakin İran hakimiyyəti heç bir yardım göstərməmişdi. Güney Azərbaycan şəhərlərindən olan insanlar özləri kampaniya başladıb, yardımlarını çatdırmışdılar. İndi də eyni vəziyyət yaşanır. Urmu, Ərdəbil, Zəncan və digər Güney Azərbaycan şəhərlərindən insanlar yardım toplayıb, göndərməyə başlayıb. Ancaq bu da kifayət etmir”.
Siyasi şərhçinin sözlərinə görə, Güney Azərbaycandakı vəziyyət bir daha göstərir ki, İran rejiminə ümid yoxdur:
"Aldığımz məlumata görə, insanlar rejimin yardım kampaniyalarına inanmır. Ona görə də, öz yardımlarının rejim vasitəsilə çatdırılmasını istəmirlər. Çalışırlar ki, hər şeyi özləri təşkil etsinlər. Millətin ancaq özünə ümidi qalıb. Çünki İran həmişə Azərbaycan türklərindən öz maraqları naminə istifadə etməyə çalışıb. İrandakı şəhərlərin inkişaf statistikasına baxdıqda Güney Azərbaycan şəhərləri - Ərdəbil, Təbriz, Urmu, Qəzvin və Həmadanın nə qədər geri qaldığı görünür. Bu da milli ayrı-seçkiliyin bariz nümunəsidir. İran rejimi bu siyasəti köklü şəkildə aparır".
S.İsabəyli İran rejimini ifşa edən faktın üstünü açıb. Bildirib ki, İranın hakimiyyət nümayəndələri yardım istəyən azərbaycanlıları döyüb təhqid edir, onlara işgəncələr verir:
"Zəlzələdən bir neçə gün keçib. Acınacaqlı vəziyyətdə qalan soydaşlarımız bu ağır durumdan xilas olunmaq üçün İranın müəyyən dairələrinə müraciət edirlər. Nəinki o insanlara kömək edirlər, əksinə onları incidirlər, döyürlər, onlara qarşı təzyiqli sudan istifadə edirlər. Görün, İran faşizmi hansı cinayətlərə, zülmlərə rəvac verir. İranın qeyri-insani cinayətlərini ifşa etməliyik. Bu işdə Quzeydəki siyasi, ictimai təşkilatlar, eləcə də media fəal olmalıdır. İranın zülmkar üzü dünya mediasına çıxarılmalıdır.
Azərbaycan mediasında xüsusilə buna yer verilməlidir. Yalnız xəbər formasında bu məsələnin işıqlandırılması kifayət etmir. Eyni zamanda mətbuat konfransları, dəyirmi masalar təşkil olunmalıdır. Hər gün İranda azərbaycanlılara edilən zülm və işgəncələrin görüntüsü ictimailəşməlidir. Yeri gəlmişkən, Azərbaycan və Türkiyənin dövlət kimi Güney Azərbaycana arxa durması gərəklidir. Bu, güneylilər üçün böyük motivasiya olar. Azərbaycan və Türkiyə dövlət kimi Güney azərbaycanlılarının yanında olduqlarını hiss etdirsələr, onda Güneydə aparılan mübarizə daha effektiv olar".