Türkiyədə baş vermiş zəlzələdən sonra dağıntılar altından 1874 kimsəsiz uşaq çıxarılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 1353 uşaq ailələrinə təhvil verilib. Eyni zamanda 99 uşaq azyaşlılar üzrə müəssisələrin himayəsinə göndərilib. Hazırda zəlzələ zamanı xəsarət alan 422 uşağın müalicə prosesi davam edir.
Məlumata görə, uşaqlardan 1768-nin şəxsiyyəti müəyyən edilib, 106-nın kimliyi naməlumdur.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.