“Din tarixin bütün dövrlərində cəmiyyətlərin həyatında ciddi rol oynayıb, siyasi proseslərə təsir imkanlarına malik olub. Sovet hakimiyyəti uzun illər dini insanların həyatından çıxarmağa çalışsa da, bu rejimin süqutundan sonra dinə sürətli qayıdış həmin siyasətin uğurlu olmadığını göstərdi”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan İlahiyyat Universitetinin sabiq rektoru Ceyhun Məmmədov dinin cəmiyyətdəki rolundan danışarkən deyib.
O bildirib ki, Qərbdə də dinin cəmiyyətdə rolu ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.
“Bəzi nəzəriyyələrdə iddia edilirdi ki, bəşəriyyət yüksək inkişaf və tərəqqiyə nail olduqca, dinin insanların həyatına təsiri azalacaq. Ancaq dünyada baş verən son proseslər də göstərdi ki, dinin insanların həyatından çıxarılması və təsirinin tamamilə azaldılması mümkün deyil. Əsas proseslərin düzgün idarə olunmasıdır”, - millət vəkili vurğulayıb.
C.Məmmədovun sözlərinə görə, dünən Bakıda mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin dəfnində yaşanan izdiham və bütün sosial şəbəkələrdə bu məsələnin gündəm olması Azərbaycan cəmiyyətində dinə münasibətin həssaslığını bir daha göstərdi:
“Hacı Şahin son illər ümummilli məsələlərdə dövlətin yanında idi, vətəndaşlıq mövqeyi nümayiş etdirirdi. Onun bu yanaşması bəzi dindar qruplar, xüsusilə də İrana bağlı şəxslər tərəfindən birmənalı qarşılanmır və ciddi tənqid olunurdu.
Burada belə bir sual da yaranır ki bundan sonra proseslər necə inkişaf edəcək? Onun yolunu kim davam etdirəcək? Bu boşluq necə doldurulacaq?
Qeyd etmək lazımdır ki, baş verən son hadisələr Azərbaycanın dövlət-din münasibətləri modelini təkmilləşdirilməsinin, dinə daha həssas münasibətin bəslənilməsinin, daha çevik qərarların qəbul edilməsinin, islahatların daha da sürətləndirilməsinin, yeni dini liderlərin yetişdiriməsinin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha göstərir”.