Modern.az

Deputatın güllələnməsi haqda kimlər nə dedi... - YENİLƏNİB

Deputatın güllələnməsi haqda kimlər nə dedi... - YENİLƏNİB

Hadisə

29 Mart 2023, 08:37

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub. O, evinin yaxınlığında güllələnib. Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

 

Modern.az deputatın güllələnməsinə ictimai-siyasi xadimlərin reaksiyasını təqdim edir:

 

Milli Məclisin vitse-spikeri Adil Əliyev: "Dəyərli deputat həmkarım Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd hadisəsini şiddətlə qınayıram. Həkimlərinin verdiyi məlumata əsasən Fazil müəllimin vəziyyəti hazırda qənaətbəxşdir. Allahdan Fazil müəllimə təcili şəfa diləyirəm. Günahkarlar ən qısa müddət ərzində müəyyən edilərək, ən sərt şəkildə cəzalandırılacaqlar".

 

Milli Məclisin deputatı Etibar Əliyev özünün sosial şəbəkə hesabında yazıb: "Dəyərli Fazil bəyə atılan güllə hər birimizə atılan güllədir…"

 

Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev yazıb: "Deputat həmkarım Fazil Mustafaya edilən sui-qəsdin sifarişçi və icraçılarını şiddətlə pisləyirəm. Son günlər Azərbaycanda siyasi sabitliyi pozmaq və məkrli düşmənçilik planlarını həyata keçirmək üçün cəhdlər çoxalıb. Bu cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Hüquq-mühafizə orqanları 24 saat keşikdədir və cinayətkarları bir neçə saat ərzində zərərsizləşdirə biliblər. Yenə də belə olacaq. Düşmən dövlətlər və daxilimizdə olan xainlər, agentlər ölkəmizi sarsıda bilməyəcəklər. Xalqımızın səyi və siyasi həmrəylik mühitində düşmənlərimizə qalib gələcəyik. Fazil bəyə acil şəfalar diləyirəm. Bu cür xain terrorlar xalqımızın və dövlətimizin iradəsini sındıra bilməz. Hamımız bir olmalı və xainləri xar etməliyik!"

 

Milli Məclisin deputatı Qənirə Paşayeva: "Hüquq mühafizə orqanlarımız gərəkən tədbirləri görəcək, cinayətkarlar tezliklə tapılıb, haqq etdikləri cəzanı alacaqdır. Hörmətli Fazil bəyin ictimai-siyasi fəaliyyətinə yaxından bələd olanlar onun hansı dəyərləri müdafiə və təbliğ etdiyini, xurafata qarşı açıq mətnlə mübarizə apardığını yaxşı bilir. İnşallah tezliklə sağlamlığına qovuşar və qaldığı yerdən mübarizəsinə davam edər! Yastığı yüngül olsun!"

 

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid: "Bu hadisələrin sifarişçilərinin dövlətimizə qarşı inamsızlıq, cəmiyyətdə xof, qorxu yaratmaq istəyi aydın məsələdir. Bəzilərinin o dəqiqə emosionallıqdan , yaxud qəsdən dövlətimizi zəiflikdə qınaması düşmənin niyyətini yelpikləməkdir. Yaxın tariximizdə belə hadisələrin olmadığını demək də məlumatsızlığın nəticəsidir; son vaxtlar baş verənlərdən də betər terror hadisələrinin şahidi olmuşuq. Hamısının da arxasında dövlətimizə təzyiq göstərmək, iradəsini sındırmaq istəyənlərin nəfəsi duyulub. Necə məkrli düşmənlərlə üz-üzə olduğumuzu dərk edib, həmrəyliyimizi, birliyimizi qorumalı, dövlətimizin müdafiəsində sıx durmalıyıq. Tanrı Dövlətimizi qorusun!"

 

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev: "Millət vəkilinə atəş açılması ağır hadisədir. Hüquq-mühafizə orqanları tez bir zamanda cinayətkarın tapılması istiqamətində tədbirlər həyata keçirəcək. Bu cinayətin üstü açılacaq və hadisəni törədən layiqli cəzasın alacaq. Azərbaycanın ictimai-siyasi həyatında qorxu mühiti yaratmaq istəyən qüvvələr var. Bu, iyrənc bir terror aktıdır. Amma əslində bu, indidən qəzəb doğurur. Hansısa millət vəkilini, dövlət adamını, jurnalistləri və başqa təbəqədən olan şəxsləri belə hadisələrlə qorxutmaq olmaz".

 

Ümid Partiyasının sədri İqbal Ağazadə: "Fazil Mustafaya şəfalar diləyir, cinayətkar(lar)ın dərhal həbsini və hücumun motivini araşdırmağı hüquq-mühafizə orqanlarından tələb edirik".

 

Deputat Bəhruz Məhərrəmov: "Deputat Fazil Mustafaya yönəlik şərəfsiz və qorxaq silahlı hücum motivindən asılı olmayaraq iyrənc terror aktıdır və birmənalı şəkildə pislənməlidir. Cinayəti törətməkdə şübhəli bilinənlərin ən qısa zamanda yaxalanacağı və ədalət mühakiməsinə təhvil veriləcəyi şübhə doğurmur. Atəş açıb daha sonra siçan kimi gizlənməyə yer axtaran qorxaq məxluqlar və onların sahibləri bu ləyaqətsiz əmələ görə ən ağır formada cavab verəcəklər. Bir Fazil Mustafa ölər, yüzü doğular, bu cür iyrənc metodlarla, murdar təxribatlarla qalib dövləti, müzəffər xalqı və Təbrizli-Bakılı bütöv Azərbaycanı kimsə sarsıda bilməz!"

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov: "Həmkarım Fazil Mustafaya Allahdan acil şəfa diləyirəm. Əminəm ki, hüquq mühafizə orqanları bu məşum cinayəti törədənləri ən qısa vaxtda tapıb məsuliyyətə cəlb edəcəklər".

Bu xəbər ilə bağlı
Fazil Mustafa evinin qarşısında güllələndi - YENİLƏNİB
Xəbəri oxu

 

Deputat İlham Məmmədov: “Bizim də hadisə ilə bağlı geniş məlumatımız yoxdur. Aldığımız məlumata görə, çiynindən və ayağından yaralanıb. İnşallah, ümid edirik ki, bu yaralar yüngül olar, tezliklə ayağa qalxar. İstintaq aparıldıqdan sonra hər şey bilinəcək ki, hadisə necə olub”.

 

Milli Məclisin deputat Nəsib Məhəməliyev: "Dəyərli həmkarım Fazil Mustafanın güllələnməsi xəbəri hər birimizi sarsıtdı. Mən xain hücumu şiddətlə qınayır və hesab edirəm ki, bu, təkcə Fazil bəyin şəxsiyyətinə yox, dövlətimizə qarşı törədilmiş terror hadisədir. Regionda mürəkkəb proseslər gedir. Düşmən qüvvələrin əsas məqsədi ölkəmizdə yaranmış sabitliyi pozmaq, cəmiyyəti qorxu altında saxlamaqdır. Fazil Mustafa öz fəaliyyətində cəmiyyətimizin cəhalətdən, xurafatdan uzaq olmasına, maariflənməsinə, dünyəvi dəyərlərin təbliğinə üstünlük verirdi. Bu da təbii ki, son 30 il ərzində Azərbaycanda kök atmış və dünyəvi dövlət quruculuğunu özləri üçün faciə olaraq görən çoxsaylı "din" dəllallarını, onlara kortəbii xidmət göstərən əlaltılarını narahat edirdi. Azərbaycan xalqı 90-cı illərin əvvəllərində bu tipli terror hadisələrinin şahidi olmuşdu. Akademik Ziya Bünyadovun və digərlərinin alçaqcasına qətlləri hər kəsin xatirindədir. O zaman dövlətimiz zəif idi. İndi beynəlxalq miqyasda özünü təsdiq etmiş güclü Azərbaycan dövləti var. Əminəm ki, çox qısa zamanda hüquq-mühafizə orqanlarımız cinayətkarların aşkar olunmasını və laiqiqli cəzalarına çatdırılmasını təmin edəcəkdir. Allaha şükürlər olsun ki, qatillər öz çirkin məqsədlərinə tam çata bilmədilər. Hörmətli Fazil bəyə tezliklə şəfa tapmasını arzulayıram".

 

Deputat Kamal Cəfərov: "Həmkarımız və dəyərli ziyalımız Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd aktını şiddətlə qınayıram. Fazil bəyə Allahdan şəfa diləyirəm. Hazırda xaricdə səfərdə olduğumdan xəstəxanaya gedə bilmədim, ancaq ailə üzvü ilə əlaqə saxladım və dəstəyimizi bir daha ifadə etdim. İnanıram ki, hüquq mühafizə orqanları qısa zamanda bu cinayəti törətmiş şəxs və ya şəxsləri müəyyən edərək ədalət mühakiməsinə təhvil verəcək".

 

Deputat Siyavuş Novruzov: "Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı təşkil edilmiş xain silahlı hücumu şiddətlə qınayır, qətiyyətlə pisləyirəm. Hüquq-mühafizə orqanları müvafiq tədbirlər həyata keçirir və cinayətkarların - sifarişçilərin və icraçıların müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunacağına və layiqli şəkildə cəzalandırılacağına şübhə yoxdur. Azərbaycan müstəqil siyasət həyata keçirən güclü dövlətdir. Heç bir qüvvə qeyri-qanuni və cinayət tərkibli əməllərlə dövlətin prinsipial siyasətinə təsir göstərə bilməz. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, heç kim bizim iradəmizə təsir edə, bizi yolumuzdan döndərə bilməz!".

 

Milli Məclisin deputatı Məşhur Məmmədov: "Həmkarım Fazil Mustafanın başına gələn hadisədən dərin təəssüf hissi keçirdim. Fazil Mustafaya şəfa arzulayıram, "keçmiş olsun!" - deyirəm. Aydın məsələdir ki, bu hadisənin sifarişçilərinin məqsədi dövlətimizə qarşı inamsızlıq, cəmiyyətdə qorxu yaratmaq istəyidir. Bu yolla dövlətimizə təzyiq göstərmək istəyənlərin arzusu ürəyində qalacaq. Azərbaycan güclü dövlətdir. Təhlükəsizliyi etibarlı əllərdədir. Ordu-dövlət-xalq birliyini məkrli qonşular Vətən Müharibəsi zamanı görüb. Dövlət-Xalq Birliyi olan dövlətin sütunları sarsılmaz! Səbrli, təmkinli, tədbirli olmalı, məkrli düşmənlərlə üz-üzə olduğumuzu dərk edib, həmrəyliyimizi qorumalı, dövlətimizin yanında olmalıyıq".

 

Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn: "Azərbaycan Xalq Partiyası Böyük Quruluş Partiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fazil Mustafaya sui-qəsdi hiddətlə pisləyir. Bu terror aktının icraçı və sifarişçiləri aşkar olunub məsuliyətə cəlb edilməli, bu terror mesajının verənlər lazım olan cavabı almalıdır".

 

Deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı: "Millət vəkili həmkarım, ziyalı və qələm əhli kimi dərin hörmət bəslədiyim Fazil Mustafaya Tanrıdan can sağlığı arzulayır, tezliklə sağalmasını diləyirəm".

 

Deputat Tahir Mirkişili: "Həmkarım Fazil Mustafaya qarşı törədilən terror aktı hüquq mühafizə orqanlarımız tərəfindən tezliklə araşdırılacaq və cinayətkarlar layiq olduqları cəzanı alacaqlar. Azərbaycan dövlətinin onun nümayəndələri və vətəndaşları ilə bu dildə danışmaq istəyən qüvvələrə qarşı cavabı həmişə sərt və birmənalı olub!".

 

Deputat Azər Badamov: "Həmkarım Fazil Mustafaya sui-qəsd edilməsi sıradan bir məsələ deyil və terror aktıdır. Bu terrorun məhz 28 martda təşkil olunmasının arxasında müəyyən məqsədlərin dayandığını hesab edirəm. Çünki, 28 mart DTX-nın peşə bayramı günüdür. 28 martda Tehrandakı səfirliyimizdə terror hadisəsinin törədilməsinin 40-cı günüdür. Həm də 28 martda Milli Məclisin nümayəndə heyəti səfirliyin açılması tədbirinə qatımaq üçün İsrailə səfərə getmişdir.  O cümlədən  Tehrandalkı səfirliyimizə və Fazil Musttafaya qarşı törədilmiş terror hadisələri avtomat silahı vasitəsilə həyata keçirilmişdir.  Bütün bunlar bu terror hadisəsini də eyni mərkəzdən planlaşdırıldığı haqqında fikir yürütməyimizə əsas verir.  Hesab edirəm ki, müvafiq dövlət orqanları cinayətkar şəxs və ya şəxslərin  ifşa olunması və  cəzanlandırılması istiqamətində tədbirləri uğurla başa çatdıracaqdır. Həmkarım Fazil Mustafaya  tezliklə sağlamlığına qovuşmasını arzulayıram".

 

Milli Məclisin deputatı Sevinc Fətəliyeva: "Millət vəkili Fazil Mustafaya qarşı törədilən terror aktı hüquq mühafizə orqanlarımız tərəfindən tezliklə araşdırılacaq və cinayətkarlar layiqli cəzanı alacaqlarından əminəm. Dəyərli həmkarıma Allahdan şəfa diləyirəm!".

 

Deputat Ramin Məmmədov: "Həmkarım Fazil Mustafaya qarşı təşkil edilmiş terror aktını şiddətlə qınayır, qətiyyətlə pisləyirəm. Hüquq-mühafizə orqanları müvafiq tədbirlər həyata keçirir və cinayətkarların müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunacağına və layiqli şəkildə cəzalandırılacağına heç şübhə yoxdur".

 

Deputat Jalə Əhmədova: "Dəyərli deputat həmkarım Fazil Mustafaya qarşı törədilmiş sui-qəsdi qətiyyətlə pisləyir və bu silahlı hücumu terror aktı olaraq dəyərləndirirəm. Əminəm ki, hüquq mühafizə orqanlarımız tez bir zamanda cinayəti törədənləri tapıb məsuliyyətə cəlb edəcəklər. Hörmətli Fazil müəllimə Allahdan şəfalar diləyirəm".

 

Xəbər yenilənib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?