Modern.az

Tanınmış modelyer atasının qətli barədə şok iddialar səsləndirdi

Tanınmış modelyer atasının qətli barədə şok iddialar səsləndirdi

20 Aprel 2023, 14:42

Tanınmış modelyer atasının qətli barədə danışıb.

 

Modern.az xəbər verir ki, modelyer Elnarə Bəkirova sosial şəbəkə hesabında canlı yayım açaraq, atası Kamran Bəkirovun öldürülməsinin təfərrüatını açıqlayıb.

 

“Atam 6 apreldə dostu ilə iş görüşməsinə gedib və orada oğurlanaraq qətlə yetirilib. Özü də amansızlıqla. Atamın qatillərinin qanun qarşısında cavab verməsi üçün əlimdən gələn hər şeyi edəcəyəm. Cinayət işinin araşdırılması şəffaf aparılmır. Sakitliyimi qoruya, səbrimi basa bilmirəm. Ailəm üçün çox ağır itkidir. Sual verirəm, müstəntiq cavab vermir. Soruşurlar ki, bu pulun mənbəyi haradan gəlib? Atam illərdir biznesmendir, lazımi qədər pulu olub. Lap həmin pul kənar adamın olub. Atamın ölüm xəbərini saytlardan öyrənirmişəm, mənə heç kim məlumat verməyib”, - deyə E.Bəkirova vurğulayıb.

 

Modelyer atasına qarşı cinayət işinin arxasında vəzifəli şəxsin dayandığını iddia edib:

 

“Düşmənlərimizin yaxınları vəzifəli şəxsdir. Buna görə də məsələyə müdaxilə olunduğunu düşünürəm. Atamı amansızlıqla qətlə yetiriblər. Atamı öldürdükdən sonra qarnına, ayağına daş bağlayıb və quyuya atıblar. Buna dözə bilmirik.

 

Cinayəti törədənlərin nəslində bir adam yoxdur ki, üzə çıxsın, desin, bizimkilər səhv edib. Gəlib üzrxahlıq etmədilər. Atama zülm ediblər. Mən bunu onlara bağışlamayacam. Bacardığınız qədər mənə kömək edin. Atam elə kişi olmayıb, onu aldadıblar, inandırıblar. Onunla bir gün əvvəl danışmışdım. Mənə dedi ki, qızım, yaxşı işlərim var, bitmək üzrədir. Dedim, ata, kimdir bunlar? Dedi ki, böyük adamlardır, vəzifəlidirlər, heç nədən qorxma, sadəcə aparıram pulu göstərəm, əmin olmaq istəyirlər ki, pulun davamı gələcəkmi? Yəni, imkanım nə dərəcədədir? Pulu göstərib, qayıdacağam. Atamı aldadıb qətlə yetirdilər. Bunun cavabını həm qanun, həm də Allah qarşısında verəcəklər”.

 

Qeyd edək ki, Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə 6 apreldə polisə məlumat daxil olub. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

 

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

 

Bildirilib ki, ilkin araşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19 radələrində paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1953-cü il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun “Ləhic bağları” adlanan ərazidəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB