Modern.az

Astarada son vəziyyət: Evlər su altında qalıb, kəndlərlə əlaqə kəsilib

Astarada son vəziyyət: Evlər su altında qalıb, kəndlərlə əlaqə kəsilib

Hadisə

18 Sentyabr 2023, 16:27

Astarada şiddətli yağışlar nəticəsində yaranan sel fəsadlar törədib. Ötən gecədən başlayan leysan xarakterli yağış nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb.

 

Astaraçayın daşması nəticəsində Ərçivan qəsəbəsində evlərin həyətini su basıb. Ərçivan çayının daşması nəticəsində qəsəbə ərazisində 200-ə yaxın ev və həyət su altında qalıb.

 

Modern.az ərazidəki son vəziyyəti öyrənmək məqsədilə Astara rayonu Ərçivan kənd icra nümayəndəliyinə müraciət edib.

 

Ərçivan kənd icra nümayəndəsi Rüfət Əsədullayev saytımıza açıqlamasında bildirib ki, kənddən 15-ə yaxın ailə təxliyə olunub:

 

"Səhər saatlarında suyun səviyyəsi yüksək idi. Bizə 160 nəfər evlərinin, təsərrüfatının su altında qalması ilə bağlı müraciət edib. Ehtiyacı olan ailələr təxliyə olunub. Təxminən 15-ə yaxın ailə ərazidən təxliyə edilib. Yağış dayanıb. Vəziyyət getdikcə, normallaşır. Fövqəladə Hallar Nazirliyinin, Suvarma Sistemləri İdarəsinin əməkdaşları, eləcə də polis ərazidədir. Hazırda birgə iş aparılır".

 

İcra nümayəndəsi söyləyib ki, əsasən ev təsərrüfatlarına, eləcə də toyuq-cücəyə ziyan dəyib:

 

"Suyun altında insan qalmayıb. Ancaq ev təsərrüfatlarına, toyuq-cücəyə ziyan dəyib. Mal-qaraya ziyan dəyməsi ilə bağlı bizə məlumat daxil olmayıb. 160 təsərrüfat da bir çox toyuq-cücə ziyan görüb. Lakin bizə tələf olan toyuq-cücənin sayı dəqiq məlum deyil. Ölən və yaralılar yoxdur".

 

Astara Rayon İcra Hakimiyyətindən saytımıza verilən məlumata görə, Pensər-Taxtanakəran-Toradi avtomobil yolunun 5-ci km-də Vaqo kəndində yerləşən uzunluğu 25, eni 10 metr olan dəmir-beton körpü dağılıb, Siyəku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 9400 nəfər əhalisi olan 24 kəndi, Asxanakəran kənd inzibati dairəsi üzrə nümayəndəliyin 2850 nəfər əhalisi olan 10 kəndi, Hamoşam kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyin 2750 nəfər əhalisi olan 6 kəndi, ümumilikdə 15000 nəfər əhalinin yaşadığı 40 kənd ilə əlaqə kəsilib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, yağış nəticəsində yaranan sel suları Astara rayonu ərazisində 2 avtomobil körpüsünə ziyan vurub. 8 metr uzunluğa malik körpülərdən biri Pensər-Toradi avtomobil yolunun 1-ci kilometrində, Pensər çayı üzərində, digər 24 metr uzunluğa malik körpü isə Siyəkü-Şəmətük avtomobil yolunun 1-ci kilometrində, Siyəki çayı üzərində yerləşir.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi