Bakıda keçirlən beynəlxalq konfarna gəlmiş İraq türkmanları sentyabrın 28-də dünyasını dəyişən millət vəkili Qənirə Paşayevanın məzarını ziyarət ediblər.
Bu barədə Modern.az-a İraq Türkman Jurnalistlər Cəmiyyətinin nümayəndəsi Kürşat Çavuşoğlu məlumat verib.
O bildirib ki, getdiyi yerdə, hər toplantıda İraq türklərinə və Türk Dünyasına dəstəyini ifadə edən millət vəkili Qənirə Paşayevanı daim hörmət və ehtiramla xatırlayırlar.
İraq türkləri mərhum Qənirə Paşayevanın Bakıdakı 2-ci Fəxri xiyabanda yerləşən məzarı başında bir araya gəliblər.
“İraq türkləri türk millətinin cəsur səsi, Azərbaycan, Türkiyə və bütün Türk Dünyası üçün önəmli şəxs olmuş Qənirə Paşayevanın məzarını ziyarət edib, üzərinə əklil qoyublar. İraq türkləri sədaqət borcu olaraq Qənirə Paşayevanın məzarını İraq Türkman Bayrağı ilə örtüb, Türkman elidən gətirdikləri torpağı Paşayevanın məzarı üzərinə səpiblər. Qənirə Paşayevanın məzarı başında keçirilən mərasimdə Kərkük İlahi Qrupu Quran oxuyub, dua edib, daha sonra ilahilər səslənib”, - Kürşat Çavuşoğlu bildirib.
Mərasimdə çıxış edən Kərkük Kültür Dərnəyi İdarə Heyətinin sədri Şəmsəddin Küzeci xatırladıb ki, Qənirə Paşayeva İraq türkmanlarının önəmli müdafiəçilərindən biri olub.
“Qənirə Paşayeva hər platformada Türk Dünyasını, başda İraq Türkmanlarını müdafiə edən, dəstəkləyən qəhrəman bacımız idi və Azərbaycanın önəmli siyasətçilərindən biri kimi adını tarixə qızıl hərflərlə yazmağa çalışdı. Bu gün məzarı başında olan biz türkmanlar ona olan borcumuzun fərqindəyik və ruhuna dua edirik”.
Türk boylarının İraqa Anadoludan əvvəl gəlmələri tarixin bir həqiqətidir. Kərkük-Mosul bölgəsinin türkman ləhcəsində Gökyurt malikanəsi adlanan torpaqlar Səlcuqlu, Teymuri, Celayirli, Qaraqoyunlu, Ağqoyunlu və Osmanlı əsrləri boyu türk dövlətlərinin hakimiyyəti altında olub. Dörd əsr Osmanlı hakimiyyəti altında yaşayan Kərkük 1850-ci ildə yaradılmış Mosul vilayətinin paytaxtı və daha da önəmlisi, imperiyanın bölgənin idarəçiliyini həvalə etdiyi hakim təbəqənin mənbəyi idi.
4 milyon İraq türkü təhsilli bir xalqdır, qismən ticarətlə məşğuldur, eyni zamanda tibb, əczaçılıq, müəllimlik və mühəndislik kimi sahələrdə də məşğuldur. Onlar Telafer, Ərbil, Altunköprü, Kərkük, Tazehurmatu, Tavuk, Tuzhurmatu, Əmirli, Kifri, Hanekin, Mendeli, Karatepe Karahan, Kızlarbat, Şahraban və Bedre kimi şəhər və qəsəbələrdə və tarixi İpək Yolu adlanan marşrut üzərində yaşayırlar.