“Son zamanlar məktəblərdə baş verən olaylarda cəmiyyət olaraq biz ancaq məktəbi və müəllimi günahlandırmaqla deyəsən üstündə oturduğumuz budağı kəsdiyimizin fərqində olmamışıq. Məhz bunun təzahürüdür ki, artıq valideyinlər öz üzərinə düşən məsuliyyətdən boyun qaçırmağın asan yolunu tapıblar. Heç kim bu ağıla gələn və ağıla gəlməyən hadisələri törədən uşaqların valideyinlərini axtarmır, ictimai qınağa çəkmir”.
Modern.az-ın məlumatına görə, bu fikirləri “Təhsil Ekspertləri Mərkəzi”nin əməkdaşı Elşən Qafarov Bakının Şüvəlan qəsəbəsindəki 156 nömrəli tam orta məktəbin XI sinif şagirdlərinin etiyi təhqiramiz hərəkətlərdən danışarkən bildirib.
“Həmişəki kimi, bir neçə ay öncə çəkilmiş video dünən sosial şəbəkədə paylaşıldıqdan sonra günahkar axtarışında olanlar yenə də məktəbi və müəllimi hədəf almaqda davam edirlər.
Hadisənin baş verdiyi və ya iştirakçıların oxuduğu 156 nömrəli məktəb istər indiki, istərsə də keçmiş direktorların dövründə həmişə ərazidəki digər təhsil ocaqlarına nümunə olub. Özüm həmin ərazidə uzun müddət yaşadığım və işlədiyiyim üçün bunun şəxsən şahidi olmuşam”.
E.Qafarov bildirib ki, son illər məktəbdə bullinq (qısnama, aqressiya) hallarında qızların daha çox önə çıxması təəsüf doğurur:
“Baş verənlərin kökündə isə oğlanlar uğrunda gedən mübahisələr və münaqişələrdir. Bu kimi halların sayı artıqca bir şeyə əmin olursan ki, deyəsən bizim qızların əksəriyyəti (yeni nəsil ) ərə getməklə ailə qurmaq, uşaq doğmaqla ana olmaq arasında fərqləri dərk etmirlər və ya dərk etmək istəmirlər.
Pedaqoqikadan bilirik ki, tərbiyəyə təsir edən 3 əsas amil var: ailə, məktəb və mühit. Son 10-15 ildə yeni – çox ciddi bir amil orta çıxıb ki, bu da internetdir. Və internet digər 3 amilin cəmindən daha çox tərbiyəyə təsir etməkdədir. Çünki bu amilin gücünü artıran həm subyektiv səbəblər (xüsusi ilə valideyn), həm də sosioloji səbəblər günü-gündən artmaqdadır.
Valideynlər bir çox hallarda borca, kreditə girərək övladlarına (xüsusilə qızlara) “ağıllı telefonlar” alır, uşaq yuxarı sinifə keçdikcə, bu telefonların qiyməti qalxır, markası da daha bahalısı ilə əvəz olunur. Amma onlar övladlarının həmin telefonlardan necə istifadə etdiyinə diqqət yetirməyi nədənsə ağıllarına gətirmirlər. Telefon artıq məktəbdə imic məsələsinə çevrilib. Baxmayaraq ki, “ağıllı telefonlar”da valideyn nəzarəti bölməsi var, valideynlərə isə bu funksiya maraqlı deyil. Bir çox hallarda valideynlərin özlərinin gizli həyat sürməsi, övladlarının onların telefonu vasitəsi ilə bundan xəbər tutması, uşaqlara təsir imkanını sıfıra endirir”.
156 nömrəli məktəbdəki hadisəyə diqqət çəkən ekspertin sözlərinə görə, bullinqə məruz qalan qızın aşağılayıcı davranışa qarşı ciddi reaksiya verməməsinin iki səbəbi ola bilər.
“1. Həmin qız evdə də şiddətə məruz qalır və ailədə şiddəti normal qəbul edəcək qədər travma alıb. Belə uşaqların sayı o qədər çoxdur ki… Nə qədər ki ailədə hüquqları pozulan uşaqlar dövlət tərəfindən xüsusi təhsil müəssələrinə yerləşdirilməyəcək bu halların sayı da artacaq.
2. Görünən odur ki, həmin uşaqla bağlı onu təhqir edənlərdə çox güclü kompromat (video, şəkil və ya səs yazısı) var. Və bu kompromat onu təhqir edən qızın marağında olan oğlanla bağlıdır.
Hər bir halda sinif rəhbərlərinin peşəkarlığının aşağı olmasının təzahürüdür. Eyni zamanda təcavüz edən qızların ailə tərbiyəsində ciddi problemlərin olduğu görünür”.
E.Qafarov deyib ki, müvafiq qurumlar baş verən hadisəyə ciddi yanaşmalıdır ki, bu kimi hallar gələcəkdə təkrarlanmasın. O, problemlə bağlı təkliflər də irəli sürüb:
“Düşünürəm ilk növbədə rayon İcra hakimiyyətlərinin humanitar şöbələri yanında Yeniyetmələrin hüquqlarının müdafiəsi üzrə Komisiyanın fəliyyəti genişləndirilməli, bu vəzifəyə bir neçə müvafiq qurumla razılaşdırmaqla təcrübəli şəxslər təyin olunmalıdır.
Valideynlər tərəfindən şiddət və zorakılıq, o cümlədən təhsil və digər hüquqları pozulan uşaqlar ailələrdən alınıb dövlətin himayəsinə verilməli, şiddət və zorakılıq edən valideynlər valideynlik hüquqndan mərhum edilməlidir.
Ümumi təhsil müəssəsində tərbiyə mühitinin yaradılması və ya möhkəmləndirilməsi üçün məktəblərin fərdi nizamnamələri hazırlanıb təsdiq edilməlidir. Məktəb nizamnaməsində təhsil prosesinin bütün tərəflərinin hüquqları, vəzifələri, məsuliyyəti aydın şəkildə göstərilməlidir. Qaydalara riayət edənlər üçün rəğbətləndirmə və etməyənlər üçün cəza sistemi müəyyənləşdirilməlidir.
“Məktəblinin dostu” layihəsinin Regional Təhsil idarələrində (Bakı şəhəri üzrə Təhsil İdarəsində) mərkəzləşdirməklə ilkin mərhələdə ölkənin 500+ şagirdi olan məktəblərə yayılmasını təmin etmək üçün ştat vahidi müəyyən edilməlidir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq məktəblərdə cinsi zorakılıqla bağlı 7-ci sinifdən başlayaraq dərsdənkənar məşğələlərin tədrisinə başlamaq, bu məşğələlərdə valideynlərin iştirakını təmin etmək lazımdır”.
Təhsil eksperti bildirib ki, 156 nömrəli məktəbin tacavüzkar yeniyetmələri valideynlərindən alınaraq xüsusi tərbiyə müəssəsinə yerləşdirilməlidir. Bu halda belə hadisələrin gələcəkdə təkrarlanmasını minumuma endirmək olar.
A.Qorxmaz