Modern.az

Şəhidin 29 ildən sonra dünyaya gələn bacısı... - FOTO

Şəhidin 29 ildən sonra dünyaya gələn bacısı... - FOTO

21 May 2024, 17:24

Vətən müharibəsinin şəhidi Rəşad Mikayılzadənin bir müddət öncə dünyaya gələn bacısına qardaşının adı soyad olaraq götürülüb.

Modern.az xəbər verir ki, şəhid anası körpəni ilk övladı doğulandan 29 ildən sonra dünyaya gətirib.

Körpəyə Ayla adı verilib, şəhid qardaşının xatirəsinə Rəşadlı soyadı götürülüb: Ayla Rəşadlı...

Körpə Bakıdakı “Leyla Medical Center"də dünyaya gəlib.

Qeyd edək ki, şəhid Rəşad Mikayılzadə evin tək övladı idi.

Rəşad İlham oğlu Mikayılzadə 30 sentyabr 1995-ci ildə Lerikin Camaşəir kəndində dünyaya gəlib. Orta təhsilini Bakı şəhərindəki 240 nömrəli məktəbdə aldıqdan sonra Sumqayıt Dövlət Universitetinə qəbul olunub.

Ali təhsilini bitirdikdən sonra Qazaxda həqiqi hərbi xidmət keçib.

2020-ci ildə Vətən müharibəsi başlayanda Rəşad Mikayılzadə könüllü əsgər kimi cəbhəyə yollanıb. Füzulinin və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub.

Rəşad Mikayılzadə 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə komandirini xilas edərkən snayperlə açılan atəş nəticəsində şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Rəşad Mikayılzadə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə",  "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.



A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var