Modern.az

"Mina təhlükəsi azad edilmiş torpaqlara qayıdışa ciddi təsir göstərir"

Hadisə

21 İyun 2024, 17:28

Ermənistanın mina təhlükəsi azərbaycanlıların həyatına son qoymağa davam edir. Dünən və bu gün Cəbrayılda ANAMA-nın bir əməkdaşı Ermənistan tərəfindən yerləşdirilən minaların partlaması nəticəsində həlak olub, bir neçəsi isə ağır yaralanıb. Nəticədə 2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib. 

 

Ermənistanın yaratdığı mina təhlükəsi ilə bağlı Modern.az-a danışan Cəbrayılın millət vəkili Ceyhun Məmmədov bildirib ki, son günlər davamlı olaraq bir çox bölgələrimizdə partlayışların baş verdiyinin şahidi oluruq:

 

“Burada söhbət çox sayda insanımızın həyatını itirməsinə səbəb olan minalardan gedir. Bu özünü uzun müddətdir göstərən bir məsələdir”.

 

C.Məmmədovun sözlərinə görə, məsələnin narahatlıq doğuran digər bir tərəfi isə odur ki, Ermənistan bu günə kimi mina xəritələrini Azərbaycana vermir:

 

“Bu da əlavə problemlər yaradır. Verilən mina xəritələri isə əvvəl də bildirildiyi kimi yararsız və qeyri-dəqiqdir. Xəritələrin təhvil verilməməsində iki əsas amil rol oynayır. İlk olaraq Ermənistan bu xəritələri verməkdə maraqlı deyil. Digər bir məsələ bəzi ərazilərdə dəqiq mina xəritələrinin olmamasıdır”.

 

Millət vəkili sonda qeyd edib ki, bu hadisələr azad edilmiş torpaqlara qayıdışa da ciddi təsir göstərir:

 

“Əgər mina problemi olmasaydı insanları daha tez zamanda və daha sürətli şəkildə bölgəyə köçürə bilərdik. Belə olduğu halda isə bu proses “Böyük Qayıdış”a mənfi təsir göstərir. Bu səbəbdən də insanlarımızın bölgəyə köçürülməsi prosesi daha gec baş verir. Hesab edirəm ki, Ermənistan ciddi məsuliyyət daşıyır. Rəsmi İrəvan çalışmalıdır ki, beynəlxalq hüququ pozmasın və bu istiqamətdə real addımları atsın. O halda biz insanlarımızın köçməsini daha sürətlə həyata keçirə bilərik”.

 

Rəşid Qarayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var