Modern.az

Cəmiyyət niyə yıxılanı “linç etməyə” bu qədər həvəslidir?..

Cəmiyyət niyə yıxılanı “linç etməyə” bu qədər həvəslidir?..

Hadisə

19 Sentyabr 2024, 12:46

Son vaxtlar sosial şəbəkələrdə, ictimai müzakirələrdə bir tendensiya müşahidsə olunur: kimsə hansısa hərəkətinə görə müzakirəyə çıxarılarkən, onun haqqında araşdırma aparmadan, doğru və ya yanlış əməl sahibi olduğunu dəqiqləşdirmədən hamı tənqid edir, söyür, aşağılayır – bir sözlə  kütləvi şəkildə “linç edir”. Belə müzakirələrin çox az iştirakçısı önyarğılı olmur, məsələyə fərqli mövqedən yanaşır.

Bəs cəmiyyət belə niyə aqressivləşib, insanlarda niyə bu qədər "linç etmək” vərdişi yaranıb?
 

Sosioloq Yusif Nəbiyev Modern.az-a deyib ki, “İncil”də bəhsi keçən məşhur qissə var:
 

"Bir qrup rahib zina (evlilikdən kənar cinsi münasibət) etmiş qadını İsa Peyğəmbərin hüzuruna gətirib onun daşlanmasını tələb edir. İsa Peyğəmbər isə onlara o məşhur tövsiyəsini edir:  “Aranızdan günahsız olan kimdirsə, qoy, birinci daşı o atsın!” - Qissədən anladığımız budur ki, insan gərək başqalarını mühakimə etməzdən əvvəl özünə, öz əməllərinə baxsın. Təəssüf ki, günümüzdə də bu tövsiyəni edəcək fikir öndərlərinə və bu tövsiyəyə əməl edəcək geniş kütləyə ehtiyacımız var. Amma gördüyümüz mənzərə arzuladığımız mənzərə ilə heç də üst-üstə düşmür. Cəmiyyətimizin böyük əksəriyyəti yanlış gördüyü əməllərə şahid olduğu zaman dərhal asıb-kəsməyə, hökm oxumağa, hadisələri günlərlə müzakirə etməyə başlayır".
 

Sosioloq bildirib ki, toplu şəkildə hər hansı bir fərdin müzakirə, tənqid, təhqir edilməsi, alçaldılması tam olaraq "linçləmək" adlanmır:
 

""Linçləmək" hüquqi prosedur olmadan, bir qrup insanın bir fərdi öldürməsinə deyilir. Biz formasından və nəticələrindən asılı olmayaraq hər kütləvi hücuma "linç" deyirik, amma bu, “linç” deyil. Buna daha çox "xarakter sui-qəsdi" ("character sssassination") deməyimiz doğru olar".


Yusif Nəbiyev qeyd edir ki, “xarakter sui-qəsdi”nin cəmiyyətimizdə bu qədər geniş yayılmış olmasının səbəbləri çoxdur. Lakin onlardan ən önəmlilərini bu şəkildə sıralaya bilərik:
 

1. Zəif insan psixologiyası : Təəssüf ki, öz qüsurlarının səbəblərini ilk olaraq başqalarında axtarmaq insan xislətinin bir parçasıdır. Üstəlik, insanın özünü üstün hiss etməsinin də ən asan yolu başqalarını alçaltmaqdır. Özünü həqiqi mənada yüksəltmək, inkişaf etdirmək çətin yoldur. İnsanlar isə əksərən asana qaçırlar. Nəticədə də kimsə “xarakter sui-qəsdi”nə məruz qalanda, əksər insanlar diqqəti öz çatışmazlıqlarından yayındırmaq üçün bu axına qoşulurlar.

2. Qrup dinamikası və qəbiləçilik: İnsanların qruplar yaratmağa və özləri ilə həmfikir şəxslərlə ortaq notlarda köklənməyə təbii meyli var. Bu isə öz növbəsində “biz və onlar” zehniyyətinə gətirib çıxarır və dolayısı ilə bir qrup insanın digər bir fərdi və ya qrupu gözümçıxdıya salmasına, qısnamaya və təhqirə məruz qoymasına səbəb olur. Üstəlik, nəzərə alınmalıdır ki, "düşmən" obrazı qrupları vahid mərkəzdə konsolidasiya etmək, həyatda qalmasını mümkün qılmaq üçün əla vasitədir. Buna görə də qruplar sosial bir instinkt olaraq daima "düşmən" axtarışında olurlar.

3. Kütləvi medianın təsiri: Unudulmamalıdır ki, təbiətin gərəyi insan detallı düşünməyə və qılı qırx yarmağa yox, səthi nəzər atmağa meyillidir. İnsanın bir digər meyli də əyləncəyə, adrenalinə, dramayadır. Bəs mediaya nə lazımdır? Reytinq, baxış, oxunma sayı, sponsorlar, reklamlar... Aydın məsələdir ki, belə bir şəraitdə media xırda, amma vacib detallara diqqət yetirmək, balanslaşdırılmış və ətraflı mövqe ortaya qoymaq əvəzinə, qalmaqallı və sensasiyalı hekayələr istehsal etməklə məşğul olacaqdır. Necə ki olur da. Bu da öz növbəsində “xarakter sui-qəsdi”nin formalaşması üçün münbit şərait yaradır. Drama və əyləncə axtaran insan təbiəti ilə bu axtardığını ona sürətli və davamlı şəkildə verə bilən kütləvi media bir araya gəlir və ortaya hər səthi və sensasional başlığı həqiqət bilən, araşdırma etmədən dərhal hücuma keçən kütlələr formalaşır.

4. Tənqidi düşüncənin olmaması: Kütləvi medianın yuxarıda qeyd edilən təsiri uzun müddət özünü qoruduğu üçün müasir insan sürətli məlumat mübadiləsinə artıq vərdiş edib. Bu vərdiş isə ona imkan vermir ki, hər istehlak etdiyi məlumatın dəqiqliyini və ya motivlərini tənqidi şəkildə qiymətləndirə bilsin. Tənqidi düşüncə olmayan yerdə isə səthi və yalan məlumatlar daha sürətlə həzm edilir və eləcə də paylaşılaraq daha geniş kütlələrə yayılır.

5. Taxt savaşları: Hər şey azmış kimi, yüksək mövqelərdə duran güclü insanlar “xarakter sui-qəsdi”ndən öz aralarında gedən savaş və hesablaşmalarda rəqiblərini gözdən salmaq və ictimai dayaqlarını zəiflətmək, imiclərini ləkələmək üçün bir alət olaraq geniş şəkildə istifadə edirlər. Bu barədə məşhur amerikan sosioloqu C.Vright Mills özünün "Güc elitası" əsərində geniş izah verməkdədir”.
 

Biz bir məsuliyyətli vətəndaş olaraq nə etməliyik? Nə edə bilərik?
 

Sosioloqun fikrincə, daha ayıq-sayıq olmalı, olaylara, xüsusilə, kütləvi informasiya vasitələrində rastımıza çıxan məlumatlara qarşı daim tənqidi yanaşmalı, sorğulamalı və ən əsası, İsa Peyğəmbərin yuxarıda qeyd edilən məşhur məsləhətinə qulaq asmalıyıq:


"Qarşı tərəfə daş atmazdan əvvəl özümüzə, öz davranış və düşüncələrimizə nəzər yetirməliyik!".
 

Psixoloq Elmir Əkbər bildirib ki, insan öz aqresiyyasından birbaşa azad ola bilmirsə, dolayı üsullarla azad olmağa çalışır:

“Bu səbəbdən kiminsə xırda səhvini günlərlə müzakirə edə və sərt reaksiya verə bilərik. Belə insanlar üçün ən uyğunu psixoterapiya seansı, üzgüçülüyə getmək və ya boksa getmək olar. Lakin ən vacib məqam baş verən hadisənin xarakteri, kefiyyətcə tərzi , kəmiyyətcə miqyasıdır. Hər şeyə biz xəta və ya səhv deyə bilmərik. Elə böyük səhvlər var ki, insanlar bunu bilərək edirlərsə, bu artıq səhv və ya xəta kimi qiymətləndirilə bilməz. Hər bir hadisəni fərdi şəkildə qiymətləndirib düzgün analiz etmək lazımdır. Söhbət əgər sözün həqiqi mənasında bir səhvdən, xətadan gedirsə, yaxın insanlar dəstək olmalıdır. Cəmiyyət olaraq biz həmin insanların islahı haqqında düşünməliyik. Linç edənlər birinci düşünməlidirlər ki, onların daxilində hansı proseslər var ki, onlar bu qədər aqressivdirlər?".
                                                           

 Gülarə Quliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU