Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Biləsuvar rayonu, Biləsuvar şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Modern.az FHN-nə istinadın xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “MAN” markalı yük avtomobili ilə "ВАЗ" markalı minik avtomobili toqquşub və 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
16:38
Biləsuvarda baş verən qəzada ölən şəxslərin adları açıqlanıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev Modern.az-a bildirib ki, bu gün saat 14:50 radələrində Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən 5-ci kilometrliyində Cəllilabad rayon sakini 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlunun idarə etdiyi “VAZ 21124” markalı və Salyan rayon sakini Mehdiyev Namus Bayram oğlunun idarə etdiyi “MAN” markalı yük avtomobilləri toqquşub.
Qəza nəticəsində Pərviz Hüseynov və sərnişinləri – 1955-ci il təvəllüdülü Mehriban İsmayılova, 1991-ci il təvəllüdülü Xöşbəxt Hüseynova, 1995-ci il təvəllüdülü Vasif İsayev və 1990-ci il təvəllüdülü Aidə Hüseynova hadisə yerində həyatlarını itiriblər. Əraziyə polis və aidiyyəti qurumların əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, ölən şəxslər Cəlilabaddan Ağcabədiyə toya gedirmişlər.
***
16:18
Biləsuvar rayonunda toy karvanı zamanı baş verən qəzada ölənlərin sayı 5-ə çatıb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, 24.09.2024-cü il tarixində saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın cinsli) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Ona qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib. Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Saat 15:20-də ölüm faktı qeydə alınıb. Qeyd edək ki, hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb".
Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, qəza zamanı VAZ21-124 markalı 15-BV-628 dövlət qeydiyyat nişanlı avtomobillə MAN markalı 07-ZB-938 dövlət nömrə nişanlı yük avtomobili toqquşub. VAZ21-124-ün sürücüsü və dörd sərnişini həyatını itirib.
Faktla bağlı araşdırma aparılır
***
15:26
Biləsuvar rayonunda toy karvanı zamanı ağır yol qəzası baş verib.
Modern.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir, yaralılar var.
Faktla bağlı araşdırma aparılır.