Göz xəstəlikləri, xüsusilə də korluq haqqında onlarla post, bir neçə məqalə yazmışam.
Bu mövzuya daha çox İlon Maskın Neuralink şirkətini qurmasından sonra maraq salmışam.
Həyat yoldaşım da, xalam oğlu uzman doktor Emil Yusifov da göz həkimidirlər, tez-tez oftalmologiyanın yeni texnologiyalarla yeni ümidlər yaratdığını müzakirə edirik.
Hər yeni müjdəli xəbər çıxanda portuqal yazıçısı Jose Saramaqonun alleqoriya, elmi fantastika janrında yazdığı psixoloji romanını xatırlayıram. 1998-ci il ədəbiyyat üzrə Nobel mükafatı almış Saramaqonun bu ən məşhur əsərlərini oxuyandan sonra uzun müddət onun təsirindən çıxmamışdım.
Keçən may ayında Emil doktor məşhur Türk oftalmoloqu Aylin Kılıçla gözdə keratokonus xəstəliyinin yeni müalicə üsulları ətrafında fikir və təcrübə mübadiləsi aparmaq üçün İstanbula gəlmişdi. O gün sohbət keratokonusdan gəlib yenə korluğa çıxdı. “İlon Maskın Neuralink-inin Blindsight cihazı nə perspektivlər açacaq?” deyə danışmışdıq…
Və Gələcək yenə də Elmlə, həm də çox tez gəldi!
ABŞ-da görmə qabiliyyətini bərpa edən ilk implantın sınaqları fantastik bir uğurla başa çatdı.
San-Fransisko alimləri milyonlarla insanın itiridikləri görmə qabiliyyətini bərpa edə biləcək cihaz yaratdılar… özü də İlon Maskın şirkətini qabaqlayaraq.
Bu gün artıq demək olar ki, Elm, mütərəqqi texnologiyalar onlara görmə şansı verdi. Science Corporation şirkətinin alimləri yaratdıqları PRIMA implantı ilə kor insanların görmə qabiliyyətini bərpa etməyə nail oldular. İmplantın sınaqları fenomenal nəticələr göstərdi: bu cihazla bütün 38 xəstə həm oxuya bildilər, həm də qarşılarındakı insanları aydın şəkildə görərək tanıdılar.
PRIMA cihazı kamera ilə təchiz olunmuş xüsusi eynək, proyeksiya sistemi, təsvirin aydınlığını yaxşılaşdıran miniatür prosessor və tor qişanın altına implantasiya edilmiş özü ilə işləyən fotoelektrik implantasiyadan ibarət vizual protezdir.
Science Corporation şirkəti implantı bir neçə ildən sonra bazara çıxarmağı planlaşdırır. Görmə qabiliyyətini bərpa etməyin neçəyə başa gələcəyi hələlik bəlli deyil. Ancaq Qərb dövlətlərinin Elmin inkişafına ayırdığı astronomik pullar çox bahalı olacağını ehtimal etdiyim qiymətlərinin aşağı düşəcəyinə inamımızı artırır.
Bu baxımdan PRIMA ilə Blindsight cihazı arasında başlamış gözəl bir rəqabət də çox önəmlidir. Mask artlq indidən deyir ki, onun cihazı daha da yaxşı olacaq:
“Blindsight cihazı ilə hər iki gözünü və görmə sinirini itirmiş insanlar görə biləcəklər. Əgər görmə qabığı bütöv olarsa, hətta anadangəlmə korlar da ilk dəfə görə biləcəklər”.
Bu gün dünyada 50 milyona yaxın kor insan var.
Mən də bu 50 milyon gözü görməyən insanın gözü indidən aydın olsun deyirəm…