Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsini Çeçenistan hava məkanından Qazaxıstana doğru istiqamətləndirən dispetçer keçmiş futbolçu Ali İdrisov olub.
Modern.az xəbər verir ki, bu barədə Teleqram kanallarında bildirilib.
Ali İdrisov Qroznının "Terek" klubunun (indiki "Axmat") keçmiş oyunçusudur.
Qroznıda uğursuz enişi koordinasiya edən dispetçer Əli İdrisov AZAL-ın qəzaya uğrayan təyyarəsinə görə Rusiya İstintaq Komitəsinin müstəntiqləri tərəfindən dindirilib.
Dindirilmə zamanı Əli İdrisov bildirib ki, o, təyyarənin enişi zamanı PUA hücumu və ya hava hücumundan müdafiə tədbirləri ilə bağlı məlumatlı olmayıb, "Kovyor" planı barədə isə faciə baş verəndən beş dəqiqə sonra məlumat alıb.
Bu plan havada fövqəladə, müstəsna hallarda tətbiq olunur. Hava məkanında sözügedən rejimin tətbiqindən xəbərdar olan pilotlar dərhal ehtiyat aerodromlara istiqamətləndilir.
Dünən müstəntiqlər İdrisov başda olmaqla, Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının Çeçenistan bölməsinin əməkdaşlarını dindiriblər.
2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və sərnişinlərin bir qismi xilas edilib. Təyyarədəki 67 nəfərdən 29-u sağ qalıb.