Modern.az

Zaqatalada daha bir körpə ÖLÜMÜ - YENİLƏNİB

Zaqatalada daha bir körpə ÖLÜMÜ - YENİLƏNİB

8 Yanvar 2025, 14:25

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Zaqatalada körpə ölümünün ilkin səbəbləri açıqlayıb.

Modern.az-ın məlumatına görə, qurumdan bildirilib ki, Zaqatala rayonunun Gözbarax kənd sakini, 1992-ci il təvəllüdlü şəxs yanvarın 7-si saat 11:10 radələrində 38 həftəlik hamiləlik diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına planlı keysəriyyə əməliyyatı üçün müraciət edib.

"Saat 15:30-da əməliyyat icra edilib, yaşama qabiliyyətinə mane olan çoxsaylı qüsurlar və anomaliyalarla, çəkisi 2800 qram, cinsi qız olan diri körpə (ağır vəziyyətdə) dünyaya gəlib. İki saat sonra göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, körpədə ölüm faktı qeydə alınıb".

Vurğulanıb ki, meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

***

13:34

Zaqatalada yeni doğulan körpə ölümü baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, yanvarın 7-si Zaqatala rayonu Gözbarax kənd sakini 1992-ci il təvəllüdlü Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsinə müraciət edib.

X. Didiyeva qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Körpə doğuşdan bir qədər sonra ölüb.

Xanım Didiyevanın yaxınlarının məlumatına görə, bu onun üçüncü doğuşudur. Doğuşdan bir gün əvvəl o, Zaqatala RMX-də müayinə olunub və hamiləliyin normal keçməsi barədə məlumat verilib.

Ölümün dəqiq səbəbini öyrənmək üçün körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Xatırladaq ki, ötən il də Zaqatalada bir neçə körpə ölümü faktı qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil